Bakının dolub-daşan “maşın bazarı”: satan çox, alan yox - tələbat niyə azalıb?

13-06-2024, 18:25           
Bakının dolub-daşan “maşın bazarı”: satan çox, alan yox - tələbat niyə azalıb?
Taksi fəaliyyəti ilə bağlı yeni tələblərdən sonra Bakının "Maşın bazarı"nda satışa çıxarılan avtomobillərin sayında ciddi artım müşahidə olunur. Həmçinin elan saytlarında da satışlar kifayət qədər artıb. Satışa çıxarılan nəqliyyat vasitələri arasında istehsal ili bir qədər köhnə avtomobillərə daha çox rast gəlinir. Müşahidələr isə onu deməyə əsas verir ki, təklif edilən avtomobillərin sayının çox olmasına baxmayaraq alıcılıq qabiliyyəti xeyli aşağıdır. Necə deyərlər, satan çox, alan yox.

Bəs bunun səbəbi nədir və tələbatın olmaması avtomobil bazarında qiymətlərə necə təsir edəcək?

Nəqliyyat eksperti İlqar Hüseynli İqtisadiyyat.az-a açıqlamasında deyib ki, vətəndaşların alıcılıq qabiliyyəti kifayət qədər aşağı düşdüyündən bu problem daha da dərinləşib.

Onun sözlərinə görə, bazarda dizel istehlak mallarının qiyməti həddindən artıq bahadır. Buna görə də insanlar daha çox gündəlik tələbat imkanlarını saxlamaqla məşğuldurlar:

“Digər tərəfdən yay mövsümündə kənd təsərrüfatı ilə məşğul olan insanlar daha çox aqrar istehsala vəsait yönəldirlər. Onlar daha çox yay aylarında əkdikləri məhsulları satışa çıxarırlar. Nəticə etibarilə daha çox payıza dönəndə, yəni kənd təsərrüfatı məhsullarının satışından bütövlükdə gəlir əldə etdikdən sonra həmin gəlirlərinə uyğun nəqliyyat vasitəsi, avtomobillər almağı planlaşdırırlar. Buna görə də hazırda vəsaitin daha çox istehsala yönəldildiyi üçün bu da maşın bazarının alıcılıq qabiliyyətinə öz təsirini göstərir”.

Ekspert həmçinin bazara daha çox çıxarılan avtomobil markalarından da danışıb: “Son vaxtlar özəl taksi şirkətlərinin parklarının yenilənməsi məsələsinə görə buraxılış müddəti 8 ildən az olan bütün nəqliyyat vasitələrini yeniləməklə bağlı bazara kifayət qədər maşın axını müşahidə olunur. Xüsusən “Toyota Prius” markalı avtomobillər və “Toyota”nın digər modelləri, eləcə də kiçik tutumlu “Kia” avtomobillərinin bazara daha çox axını müşahidə olunur. Bu da bilavasitə taksi şirkətlərinin avtomobil parklarını yeniləməsi və köhnələrin bazara çıxarılaraq satışının həyata keçirilməsi ilə bağlıdır”.

Müşahidələr həm də onu göstərir ki, artıq ölkədə elektromobillərə tələbat artıb. Bu isə benzin və dizellə işləyən nəqliyyat vasitələrinə marağı ciddi şəkildə azaldıb. Elektromobillərə sahiblənmək istəyənlər isə daha çox xaricdən sifarişlərə üstünlük verirlər. Məhz bu da fiziki bazarda alıcılıq qabiliyyətinə təsir göstərən amillərdən biridir. Məlumat üçün bildirək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycana ümumilikdə 43,4 milyon dollar dəyərində 1012 ədəd elektrikli avtomobil idxal olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə idxal olunan elektromobillərin sayı 444 ədəd və ya 78,1% artıb. Bu dövrdə elektrikli avtomobil idxalına çəkilən xərc ötən ilin 4 ayına nisbətən 19,6 milyon dollar və ya 82,7% artıb.

Həmçinin bu ilin yanvar-aprel aylarında Azərbaycana ümumilikdə 502,6 milyon dollar dəyərində 27 838 ədəd avtomobil idxal olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 2017 ədəd azalıb. Bu dövrdə avtomobil idxalına çəkilən xərc isə ötən ilin eyni ayları ilə müqayisədə 16% çoxdur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.