“Buradan keçənlər burnunu tuturlar, biz isə yaşamağa məcburuq” - GİLEY
13-06-2024, 17:32
Binə qəsəbəsinin “Donuzçuluq Savxozu” deyilən ərazidə yaşayan sakinlər burada yerləşən toyuq fermasının kəskin qoxusundan şikayətlənirlər.
“Qafqazinfo”ya müraciət edən bir qrup vətəndaş bildirib ki, bu ferma ərazidə qanunsuz fəaliyyət göstərməklə yanaşı, onların gündəlik həyat tərzinə də mənfi təsir göstərir.
Sakinlərdən biri olan Mərhəmət Səlimovun sözlərinə görə, problem illərdir ki, davam edir: “Mən 14 ildir burada yaşayıram. Yay, ya da qış fərqi yoxdur. Problem həmişə var, amma isti aylarda, ümumiyyətlə, dözülməz olur. Fermaya iri “ventilyatorlar” quraşdırıblar. Bu da fermadakı üfunət qoxusunu və oradakı antisanitar tozları birbaşa evlərimizə püskürdür. Qoxu o qədər kəskin şəkildə yayılır ki, bu iydən nəinki həyətdə oturmaq, heç evdə də dayanmaq mümkün olmur. Biz həyət evlərində yaşayırıq ki, yay aylarında sərinlik olsun. Amma bu vəziyyətə görə evimizdə belə rahat yaşaya bilmirik. Burada 5 dənə ferma fəaliyyət göstərir, hərəsinin də qabağında 5-6 irihəcimli “ventilyator” quraşdırılıb. Cücə olanda qoxu bu qədər olmur, onlar böyüdükcə qoxu da çoxalır. Axşam təmiz saxladığımız maşını səhər durub tozun içində tapırıq. Çünki içəridə olan tozlu, tüklü, üfunətli hava çölə vurur. Buradan keçən adamlar burnunu tuturlar. Biz isə burada yaşamağa məcburuq. İllərdir davam edən bu problem üçün dəfələrlə müraciət də etmişik. Amma heç bir tədbir görülməyib. Biz burada necə uşaq böyüdək? Hamımızın evində körpəsi var. Bu havada yaşamaq özü xəstəlikdir”.
Sakinlərin sözlərinə görə, əvvəl donuzçuluq ferması olan bu ərazi Əfqan adlı şəxs tərəfindən 99 illik icarəyə götürülüb. Daha sonra isə həmin sahibkar onu Səfər adlı şəxsə icarəyə verib. Hazırda isə fermanın kimə məxsus olduğunu dəqiq bilməyən sakinlər dərdlərinə çarə də tapa bilmədiklərindən gileylənirlər.
Məsələ ilə bağlı Xəzər Rayon İcra Hakimiyyətinə müraciət etdik. Qurumdan bildirildi ki, sözügedən müəssisə Suraxanı rayonu, Hövsan qəsəbəsi, 258-i Hövsan küçəsində yerləşir.
Suraxanı Rayon İcra Hakimiyyətindən isə müraciətimizə belə cavab verildi: “Suraxanı rayonu Hövsan qəsəbəsi 258-ci Hövsan küçəsində yaşayan sakinlərin müraciətləri ilə bağlı qəsəbə bələdiyyəsinin sədri həm sakinlər, həm də sahibkarla görüşüb. Məlum olub ki, obyekt “Hicaz” broylerə məxsusdur. Sahibkarın həmin obyektə dair çıxarışı, mülkiyyət hüququ və Qida Təhlükəsizliyi Agentliyindən icazəsi var. Bura 1978-ci ildən fəaliyyət göstərir. Çıxarışda o da qeyd edilib ki, həmin obyektin torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı təyinatlıdır”.
Şikayətlə bağlı obyektin icarədarı Səfər Sadiqovla da əlaqə saxladıq. İcarədar bildirdi ki, sakinlərin müraciəti ilə əlaqədar artıq tədbirlər görülməyə başlanılıb: “Buradakı torpaqlar kənd təsərrüfatı təyinatlıdır. Vətəndaşlar qanunsuz ev tikərkən bilməli idilər ki, burada təyinatı üzrə işlər olacaq. Biz burada icarədarıq. Sabah bu obyekti bağlayıb başqa yerdə də fəaliyyət göstərə bilərik. Bütün sənədlərimiz də yerindədir. Burada 5 obyekt var. Vətəndaşları da narahat edən bu sexlərin arxasında, quşların boğulmaması üçün yerləşdirilən “ventilyatorlar” idi. Bunlardan ikisininin ətrafına 6 metr yüksəklikdə baryerlər çəkdik, yoxladıq və nəticə əldə etdik. Həmin sexlərə yaxın yerləşən evlərdə yaşayan sakinlər bildirirlər ki, artıq onlara nə qoxu, nə də toz gedir. Buna görə də biz hazırda işi davam etdiririk. Ümid edirik ki, tam nəticə əldə edəcəyik”.