“Evlərin maya dəyərinin 2 dəfə artmasının iqtisadi izahı yoxdur” – Ekspert
21-06-2024, 17:46
Bu ilin ilk 3 ayı ərzində Azərbaycanda 2 min 206 yaşayış evi tikilərək istifadəyə verilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, inşa olunan yaşayış evlərinin 91%-ini və ya 2 min 8-ni fərdi yaşayış evləri təşkil edib.
İlin ilk 3 ayında inşa edilən evlərin ümumi sahəsi 316 min 516,6 kv. metr olub. Yaşayış evlərinin tikintisinə sərf olunan vəsait isə 233 milyon 462,2 min manat olub.
Açıqlanan rəsmi məlumatlara istinadən apardığımız hesablama göstərir ki, yaşayış evlərinin 1 kv. metrinin tikintisinə 738 manat vəsait sərf olunub.
Məlumat üçün bildirək ki, bu ilin yanvar ayınınının əvvəlində Yeniavaz.com saytında “Yaşayış evləri maya dəyərindən niyə dəfələrlə baha satılır? – Açıqlama” sərlövhəli yazı dərc olunub. Həmin yazıda qeyd olunub ki, Azərbaycanda satışa çıxarılan evlərin qiyməti onların tikintisinə sərf olunan vəsaitdən – maya dəyərindən dəfələrlə bahadır.
Məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verən iqtisadçı-ekspert Allahverdi Aydın bildirir ki, bu ilin ilk 3 ayında yaşayış evlərinin 1 kv. metrinin tikintisinə 738 manat sərf olunması başa düşülən deyil:
“Açıqlanan rəsmi statistikaya baxdığımız zaman görürük ki, ötən il Azərbaycanda evlərin maya dəyəri bu ilin ilk 3 ayındakı göstəricidən təxminən 2 dəfə az olub. 2023-cü ildə yaşayış evlərinin 1 kv. metrinin tikintisinə 387 manat sərf olunub. Qısa müddətdə evlərin maya dəyərinin bu qədər kəskin artmasının heç bir iqtisadi əsası ola bilməz. Son aylarda ölkədə tikinti materialları qiymətində kəskin bahalanma olmayıb. Məsələn, tikintində ən çox istifadə olunan sementin qiymətində təxminən 2%-lik bir artım olub. Kərpicin qiymətində heç bir dəyişiklik olmayıb. Hətta bəzi yerlərdə cüzi ucuzlaşma da olub. Taxtanın qiymətində isə 8%-ə yaxın ucuzlaşma qeydə alınıb. Belə olan halda evlərin maya dəyərinin 2 dəfə artmasının iqtisadi izahı yoxdur”.