Dövlət Xidməti “Araz Supermarket”in rəhbəri Rəşad İbrahimovu cəzalandırır - BUNA GÖRƏ...
11-07-2024, 00:05
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti “Araz Supermarket MMC”nin İcraçı direktoru və İdarə Heyətinin rəhbəri Rəşad İbrahimova cərimə yazıb.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Dövlət Xidməti marketlər şəbəkəsinin rəhbəri barəsində İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən cərimə protokolu tərtib edib.
Buna səbəb isə R.İbrahimovun baş verən bədbəxt hadisə barədə müvafiq qurumu məlumatlandırmaması olub.
İdarə Heyətinin rəhbərinin barəsində protokol tərtib olunan maddədə deyilir ki, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.
R.İbrahimov isə Dövlət Xidmətinin qərarından narazı olduğu üçün Nəsimi Rayon Məhkəməsinə ərizə ilə müraciət edib. Onun iddiası hakim Anar İbadzadənin sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, R.İbrahimov 2020-ci ilin dekabr ayından “Araz Supermarket MMC”nin İcraçı direktoru və İdarə Heyətinin rəhbəri vəzifəsində çalışır. 2014-2020-ci illərdə isə şirkətdə müxtəlif vəzifələrdə işləyib. Əmək fəaliyyətinə isə 2004–cü ildə “Veysəloğlu” şirkətində başlayıb.