Avtomobil sığortaçıları çətin durumda: Kompensasiyalar artırılmalıdır?
15-07-2024, 11:38
Azərbaycanda avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə zərərlilik göstəricisi (ödəniş-yığım nisbəti) azalıb. Mərkəzi Bankın hesabatında bildirilir ki, cari ilin yanvar-may aylarında bu növ sığorta üzrə zərərlilik göstəricisi 79 faiz olub. Bu dövrdə avtomobillərin icbari sığortası üzrə 65 milyon 316 min manat toplanıb, 51 milyon 619 min manat ödəniş edilib.
Bu növ üzrə zərərlilik ötən ilin müvafiq dövrü ilə müqayisədə 17 faiz artıqdır. Məlumat üçün bildirək ki, 2023-cü ilin yanvar-may aylarında bu göstərici 62 faiz idi.
Maraqlıdır, şirkətlər zərərlər işləyərsə, nəticə necə olacaq? Zərərdən çıxmaq üçün hansı addımlar atıla bilər?
"Kaspi" qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:
Sığorta şirkətləri niyə zərərlə işləyirlər?
Sığorta eksperti İlkin İbrahimov deyir ki, avtomobillərin icbari sığortası üzrə zərərliliyin 79 faizə çatmasının səbəbi qəzaların sayının artması ilə bağlıdır. Mütəxəssisin fikrincə, xərclər ona görə artır ki, həm sığorta hadisəsi ilə bağlı ödəniş edilir, həm də sığorta şirkətinin xidmətləri çoxdur: "Sığorta şirkətinin öz işçilərinə verdiyi ödənişlər, çəkdiyi xərclər və sığorta hadisəsi zamanı ödənən xərc bir yerdə ümumi xərclərə aid olur. Bu da avtomobillərin mülki məsuliyyətinin icbari sığortası ilə bağlıdır. Bu sistem əvvəl də belə idi. Sual oluna bilər ki, indi niyə artır? Son vaxtlar xərclərin artmasının səbəbi avtomobillərin detallarının qiymətlərinin artmasıdır. Bu da şirkətlərin zərərliliyinin artmasına gətirib çıxarır".
Sığorta eksperti vurğulayır ki, sığorta məbləğinin artırılması bir neçə dəfə gündəmə gətirilib. Əslində faktiki olaraq qiymətlər artırılmasa da, bonus-malus sisteminin tətbiqi ilə bağlı müəyyən artımlar qeydə alınıb.
Bonus-malus sistemi nədir?
Bonus-malus sistemi əvvəlki sığorta müqaviləsi üzrə sığorta predmetinə (sığorta olunana) münasibətdə sığorta riskləri ilə bağlı heç bir hadisə baş vermədiyi halda növbəti sığorta müqaviləsi üzrə sığorta haqlarının azaldılması, sığorta riskləri ilə bağlı hadisələrin baş verdiyi halda isə sığorta haqlarının artırılması üçün baza tarif dərəcələrinə tətbiq edilən güzəşt-əlavələr sistemidir. Məsələn, avtomobil sahibi 80 manat sığorta haqqı ödəməklə öz mülki məsuliyyətini (icbari sığorta) bir il müddətinə sığorta etdirib və həmin müqavilə ilində avtomobillə heç kimə zərər vurmayıb. Bu faktı nəzərə alan sığortaçı növbəti dəfə sığorta müqaviləsi bağlayarkən həmin sürücünün mülki məsuliyyətini sığortalamaq üçün 80 manat deyil, 75 manat sığorta haqqı alır. Bildirir ki, hazırkı müqavilə ilində də heç bir sığorta hadisəsinin baş verməməsi halında növbəti il sığorta haqqı 70 manat olacaq. Başqa bir şəxs isə, əksinə əvvəlki sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə avtomobili ilə üçüncü şəxsə zərər vurur və sığortaçıdan sığorta ödənişi alır. Buna görə də onunla bağlanan növbəti sığorta müqaviləsində sığorta haqqı əvvəlki ildəkindən beş manat artıq - 85 manat nəzərdə tutulur.
Kompensasiyalar artırılmalıdır?
Mütəxəssis vurğulayır ki, sığorta şirkətləri adətən sığorta haqlarının artırılmasını istəyir. Amma sığorta haqlarının artırılması sığorta hadisəsində də məbləğin daha çox olması ilə nəticələnməlidir: "Zərərlilik olan zaman sığorta haqları və sığorta hadisələri zamanı verilən kompensasiyalar artırılmalıdır. Yəqin ki, avtomobilin detalallarının bahalaşması və manatın dəyərinin düşməsi fonunda biz sığorta hadisəsi zamanı daha çox məbləğin olmasını arzulayacağıq".
"Ciddi narazılığa səbəb olacaq"
Sığorta eksperti İlkin Nəcəfov da təsdiqləyir ki, bu gün zərərliyin artmasının səbəbi ehtiyat hissələrinin qiymətlərinin və sığorta şirkətlərinin xərclərinin artmasıdır: "İcbari Sığorta Bürosu sığorta şirkətlərinin zərərlərini kompensasiya etmək üçün aşağı mühərrikli avtomobillərdə "yardım" edərək, zərəri qarşılamağa çalışırdı. Çünki avtomobillərin icbari sığortası üzrə zərərliliyin artması sığorta şirkətlərinin maliyyə sağlamlığına mənfi təsir edir. Amma zərərlilik azalmayacaq. Bu, dünya təcrübəsində, xüsusilə də, yaxın qonşularımızda da belədir. Bu zərər 80-90 faiz arasında dəyişəcək. Vəziyyətdən çıxış yolu kimi icbari sığorta məbləğinin artırılması təklif oluna bilər. Lakin o da artırılsa, ciddi narazılığa səbəb olacaq".