İstehsal artıbsa, qiymətlər niyə ucuzlaşmır? - HƏQİQƏTƏN DƏ...
16-07-2024, 19:10
2024-cü ilin yanvar-iyun aylarında quş əti də daxil olmaqla diri çəkidə 290,3 min ton ət, 1134,1 min ton süd, 1189,1 milyon ədəd yumurta, 13,8 min ton yun, 239,5 ton barama istehsal olunub.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, 2023-cü ilin müvafiq dövrünə nisbətən ət istehsalı 1,7 %, süd istehsalı 1 %, yumurta istehsalı 7,4 % artıb, yun istehsalı 1,6 %, barama istehsalı isə 32,8 % azalıb.
Qeyd edilib ki, 2024-cü il iyulun 1-i vəziyyətinə ölkə üzrə 7132,1 min baş qoyun və keçi, 2505,1 min baş iribuynuzlu mal-qara, o cümlədən 1240,1 min baş inək və camış, 3905 baş donuz mövcud olub.
İribuynuzlu mal-qaranın 49,5 %-ni inək və camışlar təşkil edir. Cari ilin yanvar-iyun aylarında quşçuluq müəssisələrində diri çəkidə 45 min ton (keçən ilin yanvar-iyun aylarında 40,3 min ton) quş əti və 584,2 milyon ədəd (keçən ilin yanvar-iyun aylarında 510,4 milyon ədəd) yumurta istehsal olunub.
Ümumilikdə bu müəssisələr üzrə cəmi quşların sayı 11563,3 min baş olmuş, hər yumurtlayan toyuqdan orta hesabla 127 ədəd yumurta alınıb.
Maraqlıdır, ölkəmizdə istehsalat artırsa, qiymətlər ucuzlaşacaq?
Mövzu ilə bağlı fikirlərini “Cebhe.info”-ya açıqlayan iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, açıqlanan statistik rəqəmlər reallığı əks etdirmir, göydən götürmədir:
“Əgər hökümətin dediyi kimi, istehsalat artıbsa, onda ətin qiyməti niyə bu qədər yüksəkdir? Məhz onun timsalında digər məhsullara baxsaq görərik ki, nə quş ətinin, nə iribuynuzlu, nə də xırdabuynuzlu heyvanların istehsalı artmayıb. Yalnız yumurtanın istehsalı artım var və ona görə də yumurtanın qiyməti ucuzlaşıb”.
Ekspert hesab edir ki, bu gün Dövlət Statistika Komitəsinin rəsmi statistik məlumatları reallığı əks etdirmir:
“Ölkə üzrə hazırlanan bir çox statistik rəqəmlərdə müəyyən qədər səhvlər var. Belə ki, statistik məlumatlar hazırlanan zaman yuvarlaq rəqəmlər götürülür, cəmləşdirilir və hesablanma aparılır.
Hesablanma aparıldıqdan sonra həqiqəti əks etdirməyən statistika təqdim olunur. Məsələn, bir kənddə 5 min xırdabuynuzlu heyvan olduğu iddia edilir. Lakin reallıqda heç 50 baş heyvan da yoxdur.
Məhz Dövlət Statistika Kömitəsi tərəfindən açıqlanan rəqəmlər sadəcə siyası rəqəmlərdir. Bu rəqəmlərin praktikada heç bir sübütu yoxdur. Çünki idxal rəqəmlərinə baxsaq görərik ki, ət idxalı ildən-ilə artır. Bu səbəbdən də yenidən statistik rəqəmlərə nəzər salınmalıdır”.