Pensiyanız nə qədər olsun? – “Ərzaq, dərman, kommunal...”

17-07-2024, 00:04           
Pensiyanız nə qədər olsun? –
Cari il üçün ölkədə ümumi maaş və pensiya artımı baş vermədi. Sadəcə olaraq, bəzi sahələr üzrə spesifik maaş artımı və sırf əmək pensiyalarında 11,2 faiz artım oldu. Yəni, pensiyaçılar büdcələri artmış şəxslər hesab olunur.

Bəs, görəsən, pensiya alanları aldıqları məbləğ qane edirmi? Onlar pensiyalarını daha çox nəyə xərcləyirlər? Nə qədər pensiya alsalar, hazırkı vəziyyətdə onları qane edər?

AYNA əməkdaşı bu sualları Bakının “Elmlər Akademiyası” metrostansiyası ətrafında həmsöhbət olduğu pensiyaçılara ünvanlayıb.

Fəxrəddin Hüseynov: “75 yaşım var. 529 manat pensiya alıram. 35 il Azərbaycan film kinostudiyasında işləmişəm. Mən tək yaşayıram. Aldığım pensiyanın mənə çatmadığını deyə bilmərəm. Ancaq yaslar, toylar, nəvələrin ad günlərinə xərcləyəndə bəs etmir. Məsələn, 10-a yaxın nəvəm var. Hər ay birinin ad günü olur. Onların doğum günlərində nəsə almalıyam. Bu cür xərclər olmasa, aldığım bu məbləğ mənə bəs edir. İndiki halda, bugünkü qiymətlərin paralelində pensiyam 700-800 manat olsa, bəs edər”.

Arif Yusifov: “70 yaşım var, 460 manat pensiya alıram. 51 il işləmişəm. Aldığım pensiyanı daha çox ərzağa xərcləyirəm. Aldığım pensiya elə yeməyə, kommunala güclə çatır. Əlbəttə ki, 100-200 manat artıq olsa, yaxşı olardı”.

Səkinə İbadova: “65 yaşım var. Mən 20 il işləmişəm. Hazırda 220 manat pensiya alıram. Bu sualı verməklə mənim yaralı yerimə toxundunuz. İndiki vaxtda bu pulla dolanmaq olar? Bunun elə çox hissəsi kommunala, dərmanıma xərclənir. Bir sistemi 10 manata qoşurlar. Heç ərzaq almağa əlimdə düz-əməlli pul qalmır”.

Gülşən Əliyeva: “66 yaşım var. 360 manat pensiya alıram. Mənim yoldaşım erkən vəfat edib. Mən də elə o vaxtdan minimum əmək günüm olduğu üçün pensiya almışam. Aldığım məbləğ mənə bəs edir, razıyam”.

Kövsər Mirzəyeva: “60 yaşım var, 311 manat pensiya alıram. Övladım xəstə olduğu üçün erkən pensiyaya çıxmışam. Aldığım pensiya kommunal xərclərə və ərzağa ancaq yetir. Düzdür, buna da şükür, amma ən azından 500 manat olsaydı, indiki halda bəs edərdi”.

Mehriban Əsgərova: “69 yaşım var. 20 il işləmişəm. 360 manat pensiya alıram. Aldığım pensiyanın əksər hissəsini kardioloji dərmanlara xərcləyirəm. Təxminən, hər ay 150 manatlıq dərman alıram. İndi elə zəmanədir ki, 500-600 manat alsam, normal dolanmağa bəs etdiyini deyə bilərəm”.

Şövkət Piriyeva: “65 yaşım var. 320 manat pensiya alıram. Pensiyamı kommunala, ərzağa, dərmanlarıma xərcləyirəm. Bu məbləğ təbii ki, azdır. Minimum 500 manat alsam, ayı sıxılmadan, əziyyət çəkmədən başa vura bilərəm”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.