Bərdə sakini qanunsuz olaraq əlillik pensiyasının kəsildiyini deyir, nazirlik isə... - ŞİKAYƏT

18-07-2024, 11:54           
Bərdə sakini qanunsuz olaraq əlillik pensiyasının kəsildiyini deyir, nazirlik isə... - ŞİKAYƏT
Bərdə rayonu, Kamal Cabbarov küçəsinin sakini Vəliyev Maarif Əvəz oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, onun əlilliyi saxtakarlıqla əlindən alıb, sağlam insanlara isə əlillik dərəcəsi verilir:

“Mən, Vəliyev Maarif Əvəz oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

1993-1994-cü illərdə Kəlbəcər uğrunda gedən döyüşlərdə könüllü iştirak etmiş və ağır xəsarətlər alaraq xəstəxanada yatmışam. Ayaq barmaqlarımın 8-i amputasiya olunub.

2021-ci ilə kimi davamlı olaraq 2-ci qrup Qarabağ əlili kimi pensiya almışam. Son illər rüşvət baş alıb getdiyinə görə, mənim pensiyamı kəsiblər.

Dəfələrlə "Forma 88" alıb, sorğu göndərdim. 25.01.2024-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müavini Anar Kərimovun qəbulunda oldum. 07.06.2024-cü ildə isə Anar Əliyevin qəbulunda oldum. Nazir müavinlərinin tapşırıq verməsinə baxmayaraq, mənim əlilliyimi bərpa etmədilər. Bunun səbəbi odur ki, onlara rüşvət vermədim.

Mənim kimi həqiqi əlil adamlar qalıb qıraqda, əli-ayağı yerində olan şəxslər əlillik dərəcəsi alırlar. Mənim 8 barmağım yoxdur, gedim harda işləyim?! Sağ ayağımın altının əti də don vurduğuna görə götürülüb. Yəni şikəst adam, heç bir qrupla təmin olunmuram.

Mən vətənim üçün, xalqım üçün canımdan keçmişəm. Amma dövlətin ac məmurlarının hesabına əlillik ala bilmirəm.

Nazir Sahil Babayevə bir sualım var. Biz vətəndaşları dövlətimizdən narazı salmaqda məqsədiniz nədir?

Ayağının biri o birindən gödək olan, barmaqları amputasiya olunan müharibə iştirakçısına əlillik verməməkdə məqsəd ancaq bizi dövlətə qarşı qaldırmaqdır. Amma bizlər bilirik ki, Sahil Babayevin də vaxtına az qalıb. İnanırıq ki, cənab Prezident bu qədər şikayəti, qərəzi görməməzlikdən gəlməyəcək".

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin cavabını olduğu kimi dərc edirik: "Bərdə rayon sakini 03.07.1970-ci il təvəllüdlü Vəliyev Maarif Əvəz oğlu əlilliyinin qiymətləndirilməsi ilə bağlı tibb müəssisəsi tərəfindən rəsmiləşdirilən göndəriş (forma-88) əsasında sonuncu dəfə 10.06.2024-cü il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə edilib.

Agentliyin həkim-ekspertlərinin müayinəsi zamanı vətəndaşın hazırki sağlamlıq vəziyyətində əlillik təyinatına əsas verən patofunksional pozuntular müşahidə edilməyib.

Bu səbəbdən də Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilib".

Hazırladı: Jalə FAMİLQIZI















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.