Medianın İnkişafı Agentliyi 3 xəbər saytının fəaliyyətinə xitam verilməsi üçün məhkəməyə müraciət edib

18-07-2024, 11:24           
Medianın İnkişafı Agentliyi 3 xəbər saytının fəaliyyətinə xitam verilməsi üçün məhkəməyə müraciət edib
Medianın İnkişafı Agentliyi son bir həftədə media reyestrində qeydiyyat üçün müraciət etmədiklərinə görə 3 xəbər saytının (xeberal.az, azerbaycanrealligi.com, millitv.az) fəaliyyətinə xitam verilməsi üçün məhkəməyə müraciət edib. İyunun 16-da Sumqayıt Apellyasiya Məhkəməsi artıq xeberal.az onlayn media resursunun fəaliyyətinə xitam verilməsi haqda qərar çıxarıb.

Agentliyin iddiası "Media haqqında" qanunun 78, 65 və 62-ci maddələrinə əsaslanır. Həmin maddələrə görə hər hansı media "Media Reystri"ndə qeydiyyatdan keçmək üçün Medianın İnkişafı Agentliyinə müraciət etməli, reyestrə daxil edilməlidir. Əks halda, Agentlik məhkəməyə müraciət edib, həmin medianın fəaliyyətinə xitam verilməsini tələb edə bilər.

Hüquqşünas Xalid Ağaliyev hesab edir ki, yerli məhkəmələr indiyə qədər belə iddiaların hamısını sırf "Media haqqında" qanunun işığında araşdırıblar və baxılan iddiaların hamısını da təmin ediblər. Hüquqşünasın sözlərin görə, bu, tamamilə yanlış, əsas qanuna – Konstitusiyaya hörmətsiz praktikadır:
"Konstitusiya Azərbaycan Respublikasında (AR) ən yüksək hüquqi qüvvəyə malik sənəddir (Konstitusiyanın 147-ci maddəsi). Konstitusiyanın 149-cu maddəsinə görə, qanunlar Konstitusiyaya zidd ola bilməz. Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ aktlar ölkə Konstitusiyası ilə yanaşı AR-nın tərəf olduğu beynəlxalq müqavilələrə də uyğun olmalıdır. Konstitusiyanın 148-ci maddəsində vurğulanır ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsi olmaqla yanaşı, həm də qanunlarla müqayisədə üstün hüquqi qüvvəyə malikdir. Beynəlxalq aktların hüquqi qüvvəsini tənzimləyən Konstitusiyanın 151-ci maddəsinin tələbinə görə, AR-nın qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə AR-nın tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilməlidir".

Ağaliyev qeyd edir ki, Azərbaycanın tərəfdar çıxdığı əsas beynəlxalq müqavilələrin başında BMT Ümumdünya İnsan Hüquqları Bəyannaməsi və Avropa İnsan Haqları Konvensiyası gəlir və mediaların fəaliyyətinə xitam verilməsi praktikasına hər iki beynəlxalq müqavilənin tətbiqi təcrübəsinin yanaşması olduqca aydındır.

"BMT İnsan Haqları Komitəsi deyir ki, jurnalistika, bloq yazarları, çap, internet və başqa platformada fərdi yayınçılıqla məşğul olan başqaları da daxil olmaqla çox çeşidli aktorlar tərəfindən paylaşılan bir fəaliyyətdir və jurnalistlərin qeydiyyatının aparılması və ya lisenziyalaşdırılması BMT Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 19-cu maddəsinə uyğun deyil (Komitənin 34 saylı Ümumi Şərhi). Avropa Məhkəməsinin müvafiq presedent hüququ da eynidir. Presedent hüquq nəinki medialara qeydiyyat sisteminin tətbiqinə imkan verir, hətta, teleradio tezliklərinin lisenziya qaydasında verilmisənin də bir metod olaraq artıq önəmini itirdiyini vurğulayır. Yəni, qeydiyyat-texniki səbəbdən media, ifadə azadlığına müdaxilə yolverilməzdir", deyə hüquqşünas əlavə edib.

Xalid Ağaliyev qeyd edir ki, Konstitusiya deyir ki, "Media haqqında" qanun yox, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasdır.

Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov ötən il açıqlamasında bildirib ki, jurnalistlər media reyestri olmadan da fəaliyyətini davam etdirə bilərlər. Lakin müstəqil media nümayəndələri qanun dəyişmədikcə, bu tələbin problemə çevriləcəyini deyirlər və qanuna dəyişiklik edilməsini tələb edirlər.

2022-ci ilin fevralın 10-da Prezident İlham Əliyev 21 dekabr 2021-ci ildə qəbul edilmiş "Media haqqında qanunun tətbiqi haqqında" fərman imzalayıb.

2022-ci ilin sentyabrın 26-da isə Media Reyestrinin aparılması qaydalarının təsdiq edilməsi bir sıra müstəqil media qurumlarının, jurnalistlərin, redaktorların etirazına səbəb olub. Onlar hesab edir ki, "Media haqqında" qanunun müddəalarından olan reyestrin qəbulu ölkədə söz azadlığının boğulmasına gətirib çıxaracaq.

Öz növbəsində, Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc Amerikanın Səsinə deyib ki, Media Reyestri bütün başqa sahələrdə mövcud olan hüquqi platformanın və məlumat bazasının təşkili hadisəsidir.

Qanuna görə media subyektləri və jurnalistlər 6 ay ərzində Media Reyestrinə müraciət etməli idilər.

Bundan başqa, "Media haqqında" Qanuna Venesiya Komissiyası mənfi rəy verib. Komissiyanın rəyində qeyd olunub ki, qanun mürtəcedir və Avropa Şurasının üzvü olan bir ölkədə belə bir qanun qəbul oluna bilməz.

Beynəlxalq təşkilatlar, Avropa Şurasının həmməruzəçiləri və Avropa Şurası Nazirlər Komitəsi də qanunun mürtəce olduğunu əsas gətirərək dəyişdirilməsini tələb ediblər.

Azərbaycan hakimiyyəti isə ölkədə media azadlığının tam təmin edildiyini, dövlətin mediaya daim yardım göstərdiyini bildirir.

Bununla yanaşı Azərbaycan Ümumdünya Mətbuat Azadlığına dair indeksində 180 ölkə arasında 151-ci yeri bölüşür. Həmçinin hazırda ölkədə ondan çox jurnalist həbsdədir. Onlar peşə fəaliyyəti ilə əlaqədar həbs olunduqlarını bildirirlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.