İçindən qurd çıxan qrillərin məsuliyyəti AQTA-dadır... - İŞLƏRİNİN ADI NƏDİR Kİ?
18-07-2024, 09:18
Bir neçə gün əvvəl sosial şəbəkələrdə vətəndaşa satılan qrilin qurd salması ilə bağlı video yayılıb. Qrilin Bakıda 8 Noyabr prospektində yerləşən təndirxanalardan birindən alındığı iddia edilib. Faktla bağlı Qida Təhlükəsizliyi Agentliyi araşdırmaya başlayıb. AQTA-dan araşdırmanın nəticəsi ilə bağlı ətraflı məlumat veriləcəyini bildirib.
“Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, hər bir malın müəyyən temperaturda saxlanma şəraiti və eləcə də yararlılıq müddəti mövcuddur. Lakin biz bu kimi “fastfood” yeməklərində, qrillərdə, dönərlərdə və s. bu məsələləri görmürük.
“Bu gündən sabaha saxlanılan dönərlər bir mənalı şəkildə hamısı çirklənmiş dönərlərdir. İnsanlar onu hiss etmirlər. Həmin qidalar insanların həyatında tədricən mənfi izlər qoyur. Qrillər elə bir şəraitdə saxlanılır ki, toyuq cəmdəklərində qurdlar əmələ gəlir. Bişirilən zaman qoxusu gedir, bəlkə indi də yenə o qoxu gəlir. Ətin pis qoxusunu almaq üçün müxtəlif üsullar var. Lakin biz onu da bilməliyik ki, ümumiyyətlə ətdən zəhərlənmələr az olur. Çünki ət zəhərlənmə həddinə çatanda çox pis qoxu verir. Təbiət bunu əsas qida olaraq belə yaradıbdır. Lakin necə deyərlər müasir texnologiyalarla elə saxlayırlar ki, qoxu əmələ gəlmir.
Hər şey qurd sala bilər. Bu da o deməkdir ki, orada heç bir sanitar qaydalarına əməl olunmur. Və köhnə yeməklər saxlanılır. Ola bilsin ki, qril bişirilib, neçə gündür qalıb. Yanında elə bir qidalar da qoyulubdur ki, o da tez çirklənib və s.”-deyə ekspert bildirib.
Eyyub Hüseynov başqa bir maraqlı bir fakta da toxunub. Ekspert bildirib ki, bəzən bir-biri ilə rəqabətdə olan, ona yaxın olan başqa bir dönərxanaların da, qril satanın da əməlləri ola bilər. Bu səbəbdən də, belə halları Qida Təhlükəsizliyi Agentliyi dərindən araşdırmalıdır.
Ekspertin fikrincə, bütün informasiya vasitələrində gedən materiallar AQTA tərəfdən ciddi araşdırılmalı və təqib olunmalı, KİV-lə daim sıx əlaqədə işlənilməlidir.