Binalar qanunsuz idarə olunur...
18-07-2024, 10:18
Hazırda Bakıda təxminən 2 000-ə yaxın binanın su anbarları yuyulmur və təmiz deyil.
Bunu Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin şöbə müdiri Cəmil Babayev “ASAN Radio”da yayımlanan “Su gündəmi" verilişində deyib. O bildirib ki, Mənzil-Tikinti kooperativlərində (MTK), təhsil ocaqlarında, ictimai iaşələrdə su anbarları, çənlərin yuyulması həyata keçirilmir:
“Təbii ki, daha çox şikayət MTK-lar ilə bağlıdır. Bəzi hallarda vətəndaşlar suyun çirkli, tərkibində çöküntü və sair maddələr olması ilə bağlı şikayət edirlər. Həmin zaman suyun yoxlanışı həyata keçirilir və keyfiyyətində problem olmadığı aşkarlanır. Səbəb isə əksər hallarda su anbarlarının yuyulmaması olur”.
Şöbə müdiri qeyd edib ki, su anbarlarının yuyulmasını istəyənlər bu işlə məşğul olan MMC-lərə müraciət edə bilərlər və işin keyfiyyətli həyata keçirilməsinə nəzarət etmək üçün Agentlik tərəfindən nümayəndə təyin oluna bilər.
Maraqlıdır, MTK-ların indiki fəaliyyəti qanunauyğundur?
Məsələ ilə bağlı hüquqşunas Əkrəm Həsənov “Cebhe.info”-ya açıqlamasında deyib ki, Mənzil Tikinti Korparativləri qanunsuz olaraq binaları idarə edirlər:
“Lakin qanunla belə olmamalıdır. Bina sakinlərinin iradəsinə uyğun olaraq binalar idarə olunmalıdır. Qanuna görə, bina sakinləri yaşadıqları binaya öz seçimləri ilə komendant təyin etməlidir. Bina tikən qurumlar ora özləri komendant təyin edə bilməzlər. Ancaq binadakı mənzilləri satan işbazlar daha çox pul qazanmaq üçün saxta sənədlərlə güya vətəndaşdan razılıq alıbmış kimi notarial qayda da təsdiq etdirirlər. Sonra da vətəndaşlardan aylıq pul alırlar”.
O bildirib ki, binalar qanunsuz idarə olunur:
“Binalar qanunsuz idarə olunur, dövlət qurumları isə passivlik nümayiş etdirirlər. Nəticədə binanı tikən qurumlar vətəndaşlardan əlavə olaraq pul alırlar. Əlaqədar qurumlar bu məsələyə nəzarət etməlidir. Lakin bu məsələdə passivlik göstərilir. Dələduzlara qarşı heç bir ciddi tədbirlər görülmür. Bu səbəblərə görə binalarda bu cür nöqsanlar baş verir”.
Hüquqşunas qeyd edib ki, binalarda baş verən problemlərdə sakinlərin də payı var: “Heç bir MTK sahiblərinin təyin etdiyi komendantlar vətəndaşlardan artıq pul tələb edə bilməz. Buna baxmayaraq, sakinlər hər ay bina idarə edənlərə pul ödəyir. Onlara pul ödəmək olmaz, bu, tamamən qanunsuzdur”.