"Od tutub yanan" turizm qiymətləri - İndi nə xaricdə dincəlmək sərf edir, nə də ölkədə

19-07-2024, 00:05           
"Od tutub yanan" turizm qiymətləri - İndi nə xaricdə dincəlmək sərf edir, nə də ölkədə
Turizmin inkişaf etdiyi ölkələrdə hotel qiymətləri kəskin bahalaşıb. Hətta bu səbəbdən həmin ölkələrdə yerli turistlər istirahət üçün başqa ölkələri seçmək məcburiyyətində qalıblar. Türk mediasının xəbərinə görə, Bodrum və Antalyada hotel qiymətləri bahalaşdığından, ölkə əhalisi və xarici turistlər dincəlmək üçün Yunanıstana üz tuturlar. Türkiyənin tanınmış sənətçiləri də qiymət artımına öz etirazını bildirib. Tanınmış müğənni Demet Akal Bodrumda qiymətlərin kəskin artması səbəbindən "Çeşme2"də verdikləri konsertə çox az izləyici gəldiyindən şikayətlənib. O, qiymətlər bahalaşdığından turistlərin Yunanıstana üz tutduğunu söyləyib.
Rusiya da da hotellərdə kəskin qiymət artımı müşahidə olunur. "Novıye İzvestiya" portalının məlumatına görə, ölkənin sevimli turizm şəhərlərindən olan Kalininqradda gecəlik qiymət 50 min rubla (586 dollar) qalxıb. Moskvanın əfsanəvi otellərindən biri olan Metropolda "tarixi lüks" otağın qiyməti 65 min rubla qalxıb. St. Sankt-Peterburqdakı Grand Hotel Europe-da prezident nömrəsinə tələb olunan məbləğ 282 min rubl təşkil edir.
Turizm üzrə ekspert Ceyhun Aşurov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycan üçün populyar olan Türkiyə istiqamətində turpaketlər də bahalaşıb. Onu sözlərinə görə, qiymətlərdə 50-60 faiz bahalaşma var. Ekspert bildirib ki, nəqliyyat xərcləri və qidanın qiyməti bahalaşsa da, Türkiyədə turizmdə qiymət artımının əsas səbəbinin bahalı destenasiya olması bildirilir.

"Hazırda Bodrum, Antalya və Alanyada yerlər tam dolmasa da, qiymət endirimi edilmədi. Türkiyə turizm sahəsində təcrübəli olsa da, bu qiymətlər turistləri alternativ turizm bölgələrini seçməsinə səbəb olacaq. Rusiyada isə qiymətlərin artması daxili bazarda təlabatın kəskin artması ilə bağlıdır", - deyə ekspert bildirib.

Ceyhun Aşurov onu da deyib ki, buna görə də daxili turizmə təlabatı yüksək olaraq qalır.
O, vurğulayıb ki, dünyada məhdudiyyətlər aradan qalxsa da, bu il də daxili turizmə təlabat yüksək olaraq qalır. C.Aşurovun sözlərinə görə,artıq Azərbaycandan getmə turizm bərpa olunur. Ötən il bu rəqəm iki milyon olmuşdusa, bu il getmə turizmin daha da artacağı gözlənilir. Bununla belə ekspert hesab edir ki, qiymətləri artan bazarların hər zaman alternativi var.

"Bu il Azərbaycandan da Türkiyiyəyə gedən turistlərin çoxu, Yunanıstan, Misir, Albaniya, Makedoniyaya turlar daha çox artıb. Türkiyəyə gedən turistlərin 30 faizi digər turizm ölkələrinə yönəlib. Amma qiymətlərin bahalaşması daxili turizmə təlabatı yüksək saxlayacaq", - deyə Ceyhun Aşurov bildirib.

C.Aşurovun sözlərinə görə, daxili turizmə təlabatın yüksək olması qiymətlərə də təsirsiz ötüşməyəcək. Bölgələrdə onsuz da bahalı olan turizm qiymətləri daha da artacaq.
Qeyd edək ki, bölgələrdə turizm qiymətləri orta təbəqə əhali üçün sözün əsl mənasında əlçatmazdır. "Qafqaz Tufandağ Resort"hoteldə bir nəfərin bir gecəlik istirahət nə az, nə çox 480 manatdır. "Qafqaz Riverside Hotel" də bu qiymət bir qədər aşağı 333 manat təşkil edir. "Quba Palace Hotel & Golf Resort"da isə bir gecəlik istirahət bir nəfər ümün 435 manata başa gəlir. "Quba Vadi Chalet Hotel"-də isə qiymət 370 manat təşkil edir. "Marxal Resort & Spa" hoteldə qiymət 312 manatdır. Şuşada "Xarıbülbül" hotedə bir gecə iki nəfərin gecələməsi səhər yeməyi daxil 350 manatdır.

Turizmin inkişaf etdiyi bölgələrdə azbüdcəli hotellərin azlığı qiymətlərin hər mövsüm yüksək qalmasına təsir göstərən əsas amillərdəndir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.