""Azərbaycan Dəmir Yolları"nda çox ciddi problemlər var, ört-basdır edilən minlərlə fakt mövcuddur" - İTTİHAM

20-07-2024, 12:32           
""Azərbaycan Dəmir Yolları"nda çox ciddi problemlər var, ört-basdır edilən minlərlə fakt mövcuddur" - İTTİHAM
“Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən “Azərbaycan Dəmir Yolları” QSC-yə antiinhisar qanunvericiliyinin tələblərini pozduğu üçün maliyyə sanksiyasının tətbiqi barədə qərar köhnə “Antiinhisar fəaliyyəti haqqında” qanuna əsasən qəbul edilib. Rəqabət Məcəlləsi isə bu ilin iyulun 1-dən etibarən qüvvəyə minib. Qərar iyulun 1-dəki Məcəlləyə əsasən qəbul edilsəydi, QSC-yə tətbiq edilən cərimə dəfələrlə daha çox olardı. “Azərbaycan Dəmir Yolları” dəmir yolu sahəsində inhisarçıdır. Tam olaraq inhisar subyektidir, fəaliyyəti də Rəqabət Məcəlləsinin obyektidir. Bu struktur hökmran mövqeyə malikdir. Bazarda daşımaçılıqda mühüm rol oynayır. Buna görə də onlar QSC-nin səlahiyyətlərindən istifadə edərək rəqabət qaydalarını pozub, sahibkarlara ciddi problemlər yarada bilərlər. İstədikləri sahibkarları, daşımaçılığı buraxa, istədiklərinin də qarşısını ala, istədikləri şərtlərlə sahibkarları sıxıb boğa bilərlər”.

Bu sözləri Pravda.az-a açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli deyib.

“Cəmiyyətin Rəqabət Məcəlləsinin qəbulundan sonra formalaşacaq güclü, etibarlı, ədalətli, reputasiyası müsbət olan rəqabət orqanından gözləntisi budur ki, belə hallarda müraciətlər olarsa, yaxud rəqabət orqanı müşahidələr apararsa, Rəqabət Məcəlləsinin pozulmasına qarşı mübarizə başlayacaq. “Azərbaycan Dəmir Yolları”nın adı çəkilir, amma ondan da pis qurumlar, inhisarçılar var ki, onların əlindən həm ölkədə sahibkarlıq subyektləri əziyyət çəkirlər, həm də bütün bunlar sonda bazardakı qiymətlərə təsir göstərir, istehlakçıların cibindən çıxır. Qiyməti şişirtdikcə, hansısa sahibkarı sıradan çıxardıqca qiymətlərin bahalaşmasına şərait yaradılır. QSC inhisarçı qurumdur, qanunu pozub, qanunsuz fəaliyyətlə məşğul olub. Dövlətin digər qurumu isə onu cərimələyib. “Azərbaycan Dəmir Yolları”nda çox ciddi problemlər var. Dəmir yolu parkının, xətlərinin yenilənməsi, ölkədaxili dəmir yolu daşımaçılığının, marşrutlarının genişləndirilməsi istiqamətində çox ciddi işlər görülməlidir. Təkcə Bakı-Sumqayıt dəmir yolu xətti çəkilib, Sumqayıtdan Bakıya gəlib-gedən nə qədər insanın həyatı rahatlaşıb. Yəni ictimai nəqliyyatın bu istiqmətdə inkişafı həm sərnişindaşımada, həm də yükdaşımada mühüm rol oynayır. Düşünürəm, dövlət ciddi sürətdə öz müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi işinə diqqəti artırmalıdır. Son illər diqqət artıb, amma ciddi addımlar atılmalıdır. Koorperativ idarəetmənin yaxşılaşdırılması, şəffaflığın, hesabatlılığın artırılması, mümkün qədər dövlət müəssisələrinin özəlləşdirilməsi çıxış yolu ola bilər. Hələ QSC-dəki görünən məsələdir. Bəlkə də, görünməyən, şikayət edilməyən, ört-basdır edilən minlərlə fakt var...”, - X.Kərimli bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.