Ölkə 2 borudan asılı qalmamalı, neft-kimya istehsal sahələrinə önəm verməlidir.
21-07-2024, 23:20
Energetika nazirinin müavini Elnur Soltanov, sitat:
“Karbohidrogenlər plastik məmulatların istehsalında rol oynasa da, bu istifadə məhdudlaşdırılmalıdır, qlobal istiləşmə ilə bağlı 1,5 dərəcəni saxlamaq hədəflərdəndir ”.
Hər şeyi anlayıram, ölkə böyük, vacib tədbirə ev sahibliyi edir, dünyada dəb mövzular var, bizimkilər də bu mövzuların içində olmaq istəyirlər, amma dövlət maraqları var axı, bu dəb mövzulardan öndə ola bilməz.
Azərbaycan çalışmalıdır ki, karbohidrogen, yəni xam neft ixracını azaltsın, əvəzində neftin emalını, neftdan alınan məhsulların çeşidini artırsın – çünki, xam neft hasilatı bizdə kəskin düşür, artıq “çıxarıb-satmaq” sərfəli olmayacaq, “çıxarıb - emal edib - neft məhsulu satmaq”, və ya “qonşulardan xam neft alıb – emal edib - neft məhsulu satmaq”, konsepsiyasına keçmək lazımdır.
Plastik məlumatlara tələb dünyada durmadan artır – söhbət su-maye doldurmaq, kofe içmək üşün, “fast food” obyektlərində istifadə edilən plastikdən getmir, onları azaltmaq mümkündür, hətta lazımdır, bu gün, məsələn, avtomobil istehsalında plastik xammaldan istifadə geniş yayılır, çünki daha ucuzdur, hətta təhlükəsizdir.
Telefon, TV, məişət əşyaları, mebel və s. istehsalında plastikdən istifadə artır, yaxın illərdə, azı 30-35% də artacaq. Bu bazarda yer tutmaq, bunu bacarmaq olar – ölkə 2 borudan asılı qalmamalı, neft-kimya istehsal sahələrinə önəm verməlidir.
Hə, onu da deyim ki, Trump gələn kimi dünyada iki dəb və içiboş mövzu da öləcək – ABŞ-ı ÜST-dən (“pandemiyanı” dünyada cinayətkarcasına idarə edən (əslində etməyən) təşkilatdan), “İqlim protokolu” anlaşmasından çıxaracaq. Trend dəyişəcək, ona görə də, bizim məmurlar noyabrdakı tədbiri yola versinlər, amma dərinə getməsinlər, sonra dərinlikdən geri qayıtmaq çətin olacaq...
Natig Jafarli
TEREF