Pomidorun qiyməti əl yandırır -Ekspert səbəbini açıqladı
24-07-2024, 00:11
Son günlər bazarlarda və marketlərdə pomidorun qiymətində kəskin bahalaşma müşahidə edilir. İstehlakçılar pomidorun qiymətinin 1.5-2 dəfə artdığını bildirir. Onlar yay fəslində pomidorun belə kəskin bahalaşmasının normal olmadığı qeyd edirlər.Qış tədarükünə hazırlaşan əhalini isə bu sual çox maraqlandırır.
Görəsən, pomidorun qiyməti nə vaxt düşəcək?
Məsələni dəyərləndirən iqtisadçı ekspert, Natiq Cəfərli "Sherg.az"a söyləyib ki, pomidorun qiymətinin artmasının səbəbi xarici ixracata daha çox önəm verilməsidir:
''Bu yöndə Rusiyaya maraq daha çoxdur. Ona görə də ixracata göndərilən pomidorun həcmi artdıqca yerli bazarlarda qiymət daha yüksək olur. Çünki istehsal həcmi Azərbaycanda ciddi şəkildə artmayıb. Əgər pomidorun istehsal həcmi kəskin şəkildə çoxalsa, həm ixracata yönəlik artım olardı, həm də daxili bazardakı qiymətlərdə sabitlik yaranardı. Bundan sonra pomidorun qiymətinin aşağı enməsi isə məhsuldarlıqdan asılıdır. Beləki, avqust-sentyabr aylarında məhsuldarlıq bol olarsa, o zaman qiymətlərdə müəyyən enmələr ola bilər. Fikrimcə, hazırda bu çətin məsələdir. Çünki ixracat əsas hədəf kimi götürülür. Bu onlara daha çox sərf edir. Ona görə də ixracat artdıqca daxili bazarda da qiymətlərin yüksək olması ehtimalı var".