Təhsilin dərslik problemi - Repetitorluğa hesablanıb
24-07-2024, 00:13
Son illər valideynlərin ən çox şikayət etdiyi sahələrdən biri dərsliklərin çətin olması, şagirdlərin onları qavramaqda problem yaşaması ilə bağlıdır.
Hətta elə valideyn var ki, övladlarının dərslərinə yardım edərkən “mən başa düşmürəm, uşaq necə başa düşsün” deyə etirazını bildirir. Bu sahədə mövcud vəziyyətə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə də fikir bildirib.
O qeyd edib ki, təhsil sisteminə problemlər hər zaman kənardan gəlir:
“Əvvəllər valideynin tədris aldığı proqramı onun övladı keçirdi. Amma indi elə deyil. Çünki məzmun dəyişib və belə də olmalıdır. Bu gün ortaya repetitorlar çıxıb. Bu, tək bizim ölkədə olan problem deyil.
Misal olaraq, ibtidai sinifdə verilən bir sıra anlayışları heç bəzi müəllimlər başa düşmür, o ki qalmışdı valideynlər. Bu kimi uyğunsuzluqları aradan qaldırmaq üçün düşünmək lazımdır”.
Beləliklə, görünən odur ki, orta məktəb dərsliyini qavraya bilməyən şagirdlər, hətta ibtidai sinifdən başlayaraq repetitor yanına getməli olurlar. Hazırda dərsliklərin bu qədər çətin, anlaşılmaz olmasınını səbəbi nədir və problemi necə həll etmək olar?
Təhsil üzrə ekspert Kamran Əsədov “Cebheinfo.az”-a bildirib ki, bu gün Azərbaycanın orta ümumtəhsil məktəblərində istifadə olunan dərsliklər repetitorluğa yönəlib:
“Çünki o dərslikləri yazanların böyük əksəriyyəti repetitorlardır.
Birmənalı şəkildə dərslik yazan müəlliflərə baxsaq görərik ki, onlar arasında yalnız elmi-tədqiqatla və yaxud orta məktəblərdə tədrislə məşğul olan yoxdur.
Müəlliflərin böyük əksəriyyəti repetitorluqla məşğuldur. Bu gün Azərbaycan təhsil sistemi repetitoruğa köklənib. Belə ki, bizim qəbul imtahanlarında istifadə olunan sualları yazan müəlliflərlə dərslikləri yazan müəlliflər eynidir. Bunun nəticəsidir ki, dərsliklər qəbul sisteminə yönəldilib. Təəssüflər olsun ki, bunlar şagirdlərin asudə vaxt keçirə bilməməsinə gətirib çıxarır.
Ümumilikdə Azərbaycan qəbul sistemi dəyişsə, orta məktəblərdəki dərsliklər də sadələşəcək. Əslində bizim dərsliklər şəxsiyyət və vətəndaş yetişdirə bilmir. Bu gün orta ümumtəhsil məktəblərində istifadə olunan dərsliklər yalnız fakt və terminləri əzbərləmək üçün yazılan kitablardır.
Yəni bu kitabları oxuyan şagird özünü müstəqil vətəndaş olaraq yetişdirə bilməz. Ona görə ilk növbədə biz ali məktəblərə qəbul imtahanlarını sadələşdirməliyik. Qəbul imtahanlarında, 11-ci sinifdə oxuyan uşağa verilən suallar onun 5-8-ci sinifdə keçirilən mövzulardan olmamalıdır.
Biz X-XI sinifin kitablarından suallar salmalıyıq. Ümumilikdə dərsliklər sadələşməlidir və 5-9-cu siniflərdə kitablar ümumi informasiyaverici olmalıdır, 10-11-ci siniflərdə isə tam məlumatlar verilməlidir. Yəni bu gün ölkədə istifadə olunan orta məktəb dərsliklərində çox təəssüf ki, informasiya hədsiz çoxdur.
Bu, şagirdlərin yaş xüsusiyyətinə və psixologiyasına uyğun deyil.
Birmənalı şəkildə orta ümumtəhsil məktəblərində yazılan dərslikləri sadələşdirsək, uşaqlar asudə vaxtlarını səmərəli keçirə bilərlər”.
Ekspertin sözlərinə görə, Azərbaycanda orta məktələrdə şagirdlər üçün yazılmış kitablar xarici ölkələrdə ali məktəblər üçün yazılmış kitablarla eyni səviyyədədir:
“Bu gün bizim kitablarımız şagirdlərin yaş xüsusiyyətinə, psixologiyasına, öyrənmə və qavrama bacarıqlarına adekvat deyil. Əslində XI sinifi bitirən uşaqlara biz attestat deyil, emi dərəcə, diplom verməliyik.
Çünki universitetdə keçəcəkləri materialları biz orta məktəbdə onlara öyrədirik. Universitet onlara yeni heç nə verə bilmir. Bunun da əsas səbəbi də odur ki, dərslik yazılmasına orta məktəb müəllimləri yox, ali məktəblərdə və yaxud digər sahələrdə çalışanlar cəlb edilir ki, bu da dərsliklərin süni şəkildə qəlibləşməsinə gətirib çıxarır”.