"Taksidən çıxanlar dəvətlidirlər" - Avtobus sürücüsü çatışmazlığı necə həll olunacaq?

24-07-2024, 10:29           
"Taksidən çıxanlar dəvətlidirlər" - Avtobus sürücüsü çatışmazlığı necə həll olunacaq?
Bakının ictimai nəqliyyat problemləri sırasına daha biri əlavə olunub - bu, avtobus sürücüsü çatışmazlığıdır.

Oxu.Az xəbər verir ki, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bu günlərdə keçirilən brifinqdə bəyan etmişdi ki, "BakuBus"da D kateqoriyalı 1 000 sürücüyə ehtiyac var.

Nazirlik rəsmisi, eyni zamanda, taksi xidmətindən kənarlaşdırılan sürücülərin avtobusla sərnişindaşımalara cəlb olunması üçün geniş imkanlar olduğunu da diqqətə çatdırmışdı.

Avtobusdan mütəmadi istifadə edən vətəndaşları ən çox bir sual maraqlandırır - qarşıdan yeni dərs ili və COP29 tədbirinin gəldiyi bir vaxtda avtobus sürücüsü çatışmazılığı məsələsi necə həll olunacaq?

Məsələ ilə bağlı "BakuBus" MMC-yə sorğu ünvanladıq.

Qurumun mətbuat katibi Əsmər Əliyeva Oxu.Az-ın sorğusuna cavab olaraq bildirdi ki, aprel ayının 1-dən etibarən "BakuBus"a sürücü olmaq üçün 318 nəfər müraciət edib və bu müraciətlərin nəticəsində tələblərə uyğun gələn 166 namizəd işlə təmin olunub.

"Bu il "BakuBus" MMC fəaliyyətinin əhatə dairəsinin genişləndirilməsini və xidmət keyfiyyətinin artırılmasını hədəfləyir. Hər iki istiqamət böyük ölçüdə sürücülərin fəaliyyəti ilə bağlıdır. Hədəflərin reallaşması bu il daha 1 000 sürücünün işə götürülməsini nəzərdə tutur.

Eyni zamanda, "BakuBus" Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi və Dövlət Məşğulluq Agentliyi ilə birlikdə B və BC kateqoriyalı sürücülərin avtobus sürücüsü olmaq hüququ verən D kateqoriyası üzrə ixtisasının artırılması və işə götürülməsi layihəsini də həyata keçirir.

Qeyd edək ki, hazırda sürücü vakansiyaları ilə bağlı müxtəlif platformalarda - sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində məlumatlandırma kampaniyası həyata keçiririk", - deyə açıqlamada bildirilir.

Mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) də sorğu ünvanladıq.

Agentliyin Mətbuat Xidmətindən Oxu.Az-a verilən açıqlamada bildirildi ki, son bir ildə yalnız Bakı şəhərində 200-dən çox avtobusun istismara verilməsi təmin edilib.

"Həmçinin, bu il ərzində daha 200 avtobusun təmir olunaraq istismara qaytarılması, eləcə də 160 yeni elektrik avtobusunun da alınaraq Bakı şəhərinə gətirilməsi və sərnişinlərin xidmətinə verilməsi planlaşdırılır. Avtobus parkının genişlənməsi bu sahədə yeni iş yerlərinin yaranmasına şərait yaradır. Hazırda təkcə "Bakubus" MMC-də sürücülər üçün 1 000-ə yaxın yeni iş yeri yaradılır.

Əmək Məcəlləsinə uyğun olaraq, sürücülərin növbəli rejimdə işləməsi nəzərdə tutulur. Onların sosial müdafiəsinin gücləndirilməsi və layiqli həyat şəraitinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Nümunəvi fəaliyyətə görə, daha dəqiq desək, neqativ halların və cərimələrin olmamasına görə sürücülər aylıq mükafatlandırılacaqlar", - deyə məlumatda qeyd olunur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.