"Gecikən" taksilər hava limanından şəhərə 29 manat "yazır" - "35 min insanı çörəksiz qoydunuz"...
24-07-2024, 10:36
Nəqliyyat nazirinin müavini Rəhman Hümmətov mətbuata açıqlamasında qeyd edib ki, əvvəl Bakıda təxminən 67-70 min taksi fəaliyyət göstərirdi: "Ancaq yaradılmış elektron sistem üzərindən əldə etdiyimiz məlumata görə 35 minə yaxın taksi fəaliyyət göstərir. Taksi sahəsində tənzimləmələr davam etdiriləcək".
Nazir müavininin bu açıqlaması cəmiyyətdə birmənalı qarşılanmır. İqtisadçı-ekspert Natiq Cəfərli nazirlik rəsmisinin bu açıqlamasına "Sizin fəaliyyətiniz nəticəsində 30-35 min çörəksiz qalıb" - deyə, cavab verib.
Rəhman Hümmətov açıqlamasında 70 minə yaxın taksinin 35 minə endirilməsini "tənzimləmə" kimi xarakterizə etsə də, bunun həqiqətən də yalnız bir adı ola bilər - insanların çörəyini əlindən almaq.
Taksilərin fəaliyyəti elə tənzimlənə bilərdi ki, heç həm işsiz insan toplumunun yaranmasının qarşısı alınardı, həm də qiymətlər münasib olardı. Taksilərin sayı 35 minə düşdüyünə görə, əvvəllər 3-5 dəqiqəyə gələn taksilər indi 20-30 dəqiqədən tez gəlmir. Bununla yanaşı, qiymətlər də 3-4 qat bahalaşıb.
Kənan Rövşənoğlu yazır ki, ötən həftə hava limanından şəhərə getmək üçün "Bolt" şirkətinin tətbiqi 29 manat təklif etdi. Müəllimi (Rəhman Hümmətovu nəzərdə tutur - red) təbrik etmək olar. Artıq yalnız varlılar taksidən istifadə edə bilir.
Taksilərin qiymətləri ilə maraqlandıq. Məlum oldu ki, hava limanından şəhər ərazisinə "ekonom" seçim olaraq gələn taksilərin qiyməti 18 manatdan aşağı olmur. Bununla yanaşı, sifariş verilən taksilər 20 dəqiqədən daha tez ünvana gələ bilmir. Bunun bir səbəbi tıxac olsa da, digər bir səbəbi də artıq taksilərin "qırmızı kitab"a düşməsidir.