“Bahalaşacaq, az yesinlər, ixracı dayandırmalı deyilik ki...” - Azərbaycan Vyetnama ət satacaq

24-07-2024, 16:31           
“Bahalaşacaq, az yesinlər, ixracı dayandırmalı deyilik ki...” - Azərbaycan Vyetnama ət satacaq
Azərbaycan Vyetnama hər il 1 000 tondan çox ət və ət məhsulları ixrac edəcək.

Bununla bağlı Bakıda “Canet” MMC və Vyetnam Aşpazlar Assosiasiyası arasında əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb.

“Canet” MMC-nin rəhbəri Tural Əliyev məlumat verib ki, bu ilin may ayında Vyetnamda keçirilən görüşdə şirkətlərlə bu istiqamətdə danışıqlar aparılıb: “İmzalanan Niyyət protokoluna əsasən, Vyetnam şirkətlərinin tələbatına uyğun olaraq Azərbaycandan ət ixrac ediləcək. İxracın həcminin illik 1 000 tondan çox olacağı proqnozlaşdırılır. Çatdırılma əsasən hava yolu ilə həyata keçiriləcək. Soyudulmuş ətlər hava nəqliyyatı, dondurulmuş ətlər isə avtomobil yolu ilə daşına bilər”.

Maraqlıdır, bu addım ölkədə ətin bahalaşmasına səbəb olacaqmı?

Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Xalid Kərimli hesab edir ki, ölkədə qeyri-neft məhsullarının ixracının zəif olduğunu nəzərə alsaq, ət məhsullarının xarici bazara çıxışının təmin edilməsi sevindirici haldır:

“Azərbaycanda ət istehsalı ilə məşğul olan dövlət müəssisəsi yoxdur. Bununla sahibkarlar məşğul olur. Əgər sahibkar itehsal etdiyi əti ona sərf edəcək qiymətə ixrac etmək imkanı qazanacaqsa, o mütləq şəkildə bunu edəcək. Eyni zamanda onun ixracının qarşısını heç kim ala bilməz. Sahibkar tutaq ki, əti yerli bazarda 2,90 AZN-ə, xaricə isə 3 AZN-ə satmaq seçimi qarşısında qalacaqsa, təbii ki, xaricə satış etməkdə maraqlı olacaq. Sahibkarın məhsulunu xarici bazara çıxarması ölkə iqtisadiyyatı üçün faydalıdır. Ölkə istehsal etdiyi məhsulu daha baha qiymətə satır. Bu, çox yaxşıdır”.

İqtisadçı qeyd edib ki, məhsulun xarici bazara çıxarılması daxili bazarda qiymət artımına səbəb ola bilər:

“İxrac məhsulun qiymətini daxili bazarda artıran amildir. Güman edirəm ki, nəticədə ət bazarında bahalaşma olacaq. Əgər müəssisənin istehsal gücü məhduddur, amma o tam gücü ilə işləyirsə, məhsulunu xarici bazara yönəldir. Ümumiyyətlə, ixracın artması daxili bazarlarda qiymət artımına səbəb olur, necə ki, biz bunu pomidorda görürük”.

Onun sözlərinə görə, ət istehlakının azalması sahibkarın öhdəliyi deyil:

“Sahibkar öz məhsulunu ixrac etməklə pul qazanacaq. Şirkətin istehsalı böyüyəcək, işçi sayı artırılacaq, dövlətə vergi verəcək. Bu iqtsadiyyata müsbət təsir edir. İllik istehlaka, ölkə əhalisinin tələbatına baxanda 1000 ton ciddi rəqəm deyil. İxracın istehlakı azalmasına qalanda isə bu sahibkarın işi deyil. Kimsə çox ət yeyəcək deyə, o məhsulun ixracı dayanmalı deyil. Qiymət artacaqsa, ölkə əhalisi az ət yeyər. Bu iqtisadiyyatın problemi deyil”.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu ilin birinci yarısında Azərbaycandan Vyetnama 302 min ABŞ dolları dəyərində məhsul ixrac olunub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 282 dəfə azdır. Eyni zamanda bu ilin iki rübündə Azərbaycan Vyetnamdan 63 milyon 386 min ABŞ dolları dəyərində məhsul idxal edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 8 % azalma deməkdir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.