Tələbələrin köçürülməsi prosesi başlanır - Kimlər iştirak edə bilməz?
25-07-2024, 08:24
Sabahdan ali təhsil müəssisələrinin tələbələrinin köçürülməsinə başlanır.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, sənəd qəbulu 25 iyul 11:00-dan 31 iyul 18:00-dək aparılacaq.
Qurumdan qeyd olunub ki, ali təhsil müəssisələrində normativ təhsil müddətində (sonuncu tədris ili tələbələri istisna olmaqla) təhsil alan və təhsil aldığı müddət ərzində təhsil proqramı ilə həmin dövr üçün müəyyən olunmuş kreditlərin ən azı ikidə bir hissəsini toplamış tələbələr köçürülmə prosesində iştirak edə bilərlər. Bakalavriat (əsas (baza ali) tibb təhsilində) səviyyəsində təhsil alan tələbənin (xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil alan tələbələr, eləcə də ali təhsil müəssisəsinə müsabiqədənkənar qəbul olunanlar istisna olmaqla) təhsil müəssisəsini, ixtisasını, təhsilalma formasını dəyişdirməsi o şərtlə aparılır ki, həmin tələbənin qəbul imtahanında topladığı bal ali təhsil müəssisəsinə qəbul olunduğu ildə dəyişmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas və təhsilalma forması üzrə minimal keçid balından çox olsun. Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsilində) səviyyəsində təhsil alan tələbələr tərəfindən ixtisasın dəyişdirilməsi eyni ixtisas qrupu daxilində aparılır. Təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi tələbənin əvvəl təhsil aldığı tədris dilinə uyğun aparılır. Tədris dilinin ingilis dilindən ümumi təhsil pilləsində təhsil aldığı tədris dilinə və ya ümumi təhsil pilləsində təhsil aldığı tədris dilinin ingilis dilinə dəyişdirilməsi halları istisnadır.
Agentlikdən həmçinin bildirilib ki, ali təhsil müəssisəsinə qəbul imtahanlarında iştirak etmədən müsabiqə yolu ilə qəbul olunmuş subbakalavrların təhsil müəssisəsini və ixtisasını dəyişdirməsinə yol verilmir. Eyni zamanda təhsil aldığı müddət ərzində təhsil proqramı ilə həmin dövr üçün müəyyən olunmuş kreditlərin ən azı ikidə bir hissəsini toplamayan tələbələrin təhsil müəssisəsini, ixtisasını və təhsilalma formasını dəyişdirməsinə yol verilmir. Bakalavriat (əsas (baza ali) tibb təhsilində) səviyyəsində normativ təhsil müddətinin sonuncu tədris ilində və ya normativ təhsil müddətindən artıq (müddətli həqiqi hərbi xidmət dövrü daxil deyil) müddətdə təhsil alan tələbələrin təhsil müəssisəsini, ixtisasını, təhsilalma formasını dəyişdirməsinə yol verilmir.
Magistratura səviyyəsində tələbələrin öz ixtisası (ixtisaslaşması) üzrə təhsil müəssisəsini dəyişməsi o şərtlə aparılır ki, həmin tələbənin magistraturaya qəbul imtahanında topladığı bal, dəyişmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas (ixtisaslaşması) üzrə minimal keçid balından (tələbənin magistraturaya qəbul olunduğu il üzrə) çox olsun.
Qeyd 1: Magistratura səviyyəsində təhsil alan tələbələrin ixtisaslarını (ixtisaslaşmasını) dəyişdirməsinə yol verilmir.
Qeyd 2: Magistratura səviyyəsində normativ təhsil müddətindən artıq (müddətli həqiqi hərbi xidmət dövrü daxil deyil) müddətdə təhsil alan tələbələrin təhsil müəssisəsini və təhsilalma formasını dəyişdirməsinə yol verilmir.
Agentlik xarici ölkələrin ali təhsil müəssisələrində dövlət proqramları və ya hökumətlərarası təqaüd proqramları çərçivəsində təhsil alan Azərbaycan Respublikası vətəndaşlarının ölkənin ali təhsil müəssisələrinə dəyişməsi məsələsinə də aydınlıq gətirib. Bildirilib ki, dəyişmə yalnız həmin proqramlar çərçivəsində təhsilinə xitam verildiyi halda həyata keçirilir.