Türkiyədə oxumağa gedən gənclər çətin durumda: - Türkiyə Təhsil Nazirliyinin elektron sistemində problem yaranıb
25-07-2024, 17:51
Türkiyədə ali təhsil müəsisələrinə yeni qəbul olan tələbələr və onların valideynləri lazımi sənədləri təsdqilətmək üçün Türkiyə Səfirliyi yanında Bakı Təhsil Müşavirliyinə (“Bakü Eğitim Müşavirliyi”) müraciət etməlidirlər. Abituriyentlər əvvəllər Müşavirliyə birbaşa müraciət edə bilirdilər və həqiqətən də bəzən çox sıxlıq yaranırdı.
Sonradan Türkiyə Təhsil Nazirliyi “randevu sistemi” tətbiq etməyə başlayıb. Bunu da zəruri addım hesab etmək olar. Amma təəssüf ki, bu elektron sistem mükəmməllikdən çox uzaqdır və tez-tez “qəzaya uğrayır”.
İndi Türkiyə Təhsil Nazirliynin "e-denlik" adlı portalından “görüş vaxtı" almaq məcburiyyətindəsiniz. Əvvəla buradan randevu almaq hər adamın işi deyil. Orta statistik Azərbaycan türkünün bu saytdan randevu üçün müraciət edə biləcəyi inandırıcı deyil – məsləhətçiyə ehtiyacı var.
Bakıda görüş istəməyin barədə müraciəti Türkiyəyə göndərəndən sonra isə problemlərin ikinci hissəsi başlayır. Türkiyə Təhsil Nazirliyi sanki randevu müraciətlərini zamanında dəyərləndirə bilmək üçüm lazımi sayda işçi heyətinə sahib deyil. O üzdən də randevu təyinatları çox gecikir.
Amma problem bununla da bitmir. Tez-tez Türkiyə Təhsil Nazirliyinin sistemində texniki nasazlıqlar yaşanır. Belə hallarda Müşavirlik əməkdaşları işsiz oturaraq “sistemdə problem var” deməklə kifayətlənirlər. Təbii ki, bu, onların günahı deyil, problemin kökü Türkiyə Təhsil Nazirliyindədir. Və nəticədə randevular daha çox gecikir və abituriyentlər riskli vəziyyətə düşür. Anlamaq çətin deyil ki, belə gecikmələr üzündən universitetdə son qeydiyyat tarixini buraxaraq qazandığı qəbul fürsətini itirənlər də ola bilər və yəqin ki, var...
Yaranmış vəziyyətlə əlaqədar problem yaşayan valideynlərdən biri xəbər portalımıza müraciət edərək bildirib ki, Bakıda görüş vaxtını Türkiyədən təyin edirlər, amma onların nə vaxt cavab verəcəkləri də bilinmir: "Buradakılar deyir ki, "biz bilmirik, ola bilsin, bir günə, ola da bilsin, 10 günə cavab versinlər. 10 gün isə həddən artıq böyük zamandır və bu müddətdə son qeydiyyat tarixini itirə bilərik. İndi də müraciətimizə belə cavab verirlər ki, "sistemdə problem var". Sistem çökübsə, heç olmasa, icazə verin, camaat Müşavirliyə birbaşa gedib öz işini görsün. Müşavirlikdə bir nəfər də vətəndaş olmur, amma deyirlər ki, gedin randevu alın, sistemdə isə problem var. İndi necə edək?".
“Bizim Yol” yaranmış problemlə bağlı Təhsil Müşavirliyi ilə əlaqə saxlayıb. Dialoqu oxucularımızın diqqətinə çatdırırıq:
- Salam, bura Təhsil Müşavirliyidir?
- Bəli.
- (Özümüzü təqdim etdikdən sonra) Kiminlə danışıram?
- Faiq
- Soyadınızı da deyə bilərsinizmi?
- Bayramov
- Faiq bəy, bizə müşavirliyin "randevu" məsələsi ilə əlaqədar müraciətlər daxil olur. Deyirlər ki, Türkiyə universitetlərinə qəbul olunmuş tələbələr "randevu" problemi ucbatından zamanında qeydiyyatdan keçə bilmirlər, gecikirlər.
- Sistem problemidir.
- Problem düzəldilibmi?
- Bəli.
- Bundan sonra müraciətlər hansı qaydada olunmalıdır?
- Bu problemin bizə aidiyyatı yoxdur, sistemin problemidir. Bəzən olur ki, xarab olur, bəzən də düzəldilir.
- Bu problem nə zamandır belədir?
- 10 gündür ki, belədir. Gah işləyir, gah işləmir.
- Bəs hal-hazırda necə?
- Hal-hazırda sistem işləyir.
P.S. Ümid edirik ki, öz ölkəmiz qədər sevdiyimiz qardaş Türkiyədə təhsil almaq istəyənlərin problemi həllini tapacaq. Çox istərdik ki, qardaş ölkənin Təhsil Nazirliyi randevu müraciətlərinin dəyərləndirilməsini və görüşlərin təyin edilməsini sürətləndirsin ki, gənclərin xəyalları qırılmasın.
Bizimyol.info