Qalmaqallı şirkətə 9 milyonluq tender verildi - TƏFƏRRÜAT
26-07-2024, 00:12
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu "Hermes-S" Mənzil-Tikinti Kooperativi ilə satınalma müqaviləsi bağlayıb.
Qaynarinfo xəbər verir ki, MKT Cəbrayıl rayonunun Şükürbəyli kəndində 60 fərdi yaşayış evinin tikintisi ilə əlaqədar Fondun elan etdiyi tenderin qalibi seçilib.
Satınalma müqaviləsinin maliyyə dəyəri 9 208 672,39 manatdır.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Hermes-S" MKT 27 iyul 2011-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 manat olan şirkətin hüquqi ünvanı Yasamal rayonu, Əlibəy Hüseynzadə küçəsi, ev 53, mənzil 3-də yerləşir. MKT-nın qanuni təmsilçisi Kərimov Elçin Adil oğludur.
Açıq mənbələrdə MKT barəsində hər hansı məlumata rast gəlinmir. 9 milyonluq sifariş alan şirkətin adicə veb-səhifəsi də yoxdur.
Ötən il "Hermes-S" MKT evlərini sökdüyü vətəndaşların pulunu verməməklə gündəmə gəlib. Vətəndaşlar məhkəməyə müraciət edib. Məhkəmənin qərarı isə vətəndaşların xeyrinə olub.
2018-ci ildə Prezident Administrasiyasının şöbə müdiri Süleyman İsmayılov vətəndaşların quruma etdiyi şikayətlər haqqında yazdığı geniş məqalədə "Hermes-S" MKT-nın da adını qeyd edib. Məlum olub ki, vətəndaşların ən çox şikayət etdiyi tikinti şirkətlərindən biri də adıçəkilən MKT-dır.
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun "Hermes-S"lə 9 milyonluq müqavilə imzalayarkən bütün bunları nəzərə alıb-almadığı bəlli deyil.
Bu arada Fondun rəhbəri Mahir Abbaszadədir. O, eyni zamanda deputatdır. Mahir Abbaszadə 2020-ci ildə keçirilən parlament seçkilərində hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədi kimi 121 saylı Laçın seçki dairəsindən mandat qazanmışdı.
YAP-ın cari ilin sentyabr ayında keçiriləcək növbədənkənar parlament seçkilərində irəli sürdüyü namizədlərin arasında isə Mahir Abbaszadənin adı yoxdur.