5 oktyabr olmadan qalmaqal başlayıb: Müəllimlərə hədiyyə verilməlidir?

1-10-2024, 17:38           
5 oktyabr olmadan qalmaqal başlayıb:
5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə valideyn və şagirdlərin müəllimləri təbrik etməsi prosesinin idarə edilməsi ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yerli təhsil idarəetmə bölmələrinə və tabeli müəssiələrinə Təlimat göndərilib, müvafiq tapşırıqlar verilib.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, valideynlər tərəfindən hər hansı maddi və qeyri - maddi nemətlərin, qiymətli əşyaların hədiyyə edilməsi, bu məqsədlə pul yığılması və sair kimi halların baş verməsi yolverilməzdir. Məlumatda qeyd edilib ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının müvafiq Qərarı ilə “Təhsilverənlərin etik davranış Qaydaları” təsdiq edilib.

Bu Qaydaların əsas məqsədi təhsil müəssisələrində işgüzar, sağlam emosional və psixoloji mühitin təmin edilməsinə, vətəndaşların təhsil müəssisələrinə və təhsilverənlərə etimadının artırılmasıdır.

Bununla yanaşı məqsədimiz təhsilverənlərlə təhsil prosesinin digər iştirakçıları arasında münasibətlərin idarə olunmasına, təhsilverənlərin nüfuzunun yüksəldilməsinə, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılmasına və maraqların toqquşmasının qarşısının alınmasına nail olmaqdan ibarətdir.

Qeyd edək ki, Beynəlxalq Müəllimlər Günündə müəllimlərə hədiyyə verilməsi ictimaiyyət tərəfindən heç də birmənalı qarşılanmır.

Bunun tərəfdarları da, əleyhdarları da var.

Təhsil üzrə ekspert Rizvan Fikrətoğlu “Cebheinfo.az”-a bildirib ki, ötən il müəllimlərə qızıl sırğaların, bilərziklərin verilməsi kimi videolarla rastlaşdıq:

“Əslində bu proseslərin çox hissəsini yaradan valideynlər özləridir. Votsap qrupları var və bir valideyn digər valideynlərdən pul toplayır. Hadisə Əsasən belə baş verir. Sonra da deyirlər ki, müəllimə hədiyyə verək. Əslində şagirdin, yaxud valideynin müəllimə hədiyyə verməsin pis baxmıram.

“Korrupsiya ilə mübarizə haqqında”Qanunda da əslində bu məsələ öz əksini tapıb. Belə ki, il ərzində dəyəri 55 manata qədər olan bir və yaxud bir neçə hədiyyəni vermək olar. Bu, sırf dərs keçdiyinə görə yox, qiymətin müqabilində veriləndə problemli hesab edilir.

Bu müqabildə verilməyən hədiyyələr keçərli hədiyyələrdir. Ancaq bizdə bu, iyrənc bir formaya keçib. Hətta nazirlik səviyyəsində dilə gətirirlər ki, hədiyyə verilməsin.

Çünki bu, hədiyyə müəllimi gözdən salır. Habuki müəllimə çiçəyin alınması, bir ətirin verilməsi pis bir şey deyil. Sadəcə bizim cəmiyyət onu elə pis formada təqdim edir, elə görüntü, video ortaya çıxır ki, sosial şəbəkənin kütləsi üçün bir materiala çevrilir, pis yorumlar yazılır. Əgər cəmiyyətdə bu, mənfi yön alırsa, belə hədiyyələrin verilməməsi daha məqbuldur”.

Psixoloq Fatimə Bayramovanın fikrincə, məcburiyyət əlbəttə, yoxdur:

“Hədiyyə anlayışı da hər kəsdə fərqlidir. Bu prosesə qadağa və ya bir qayda olaraq “hamı hədiyyə almalıdır” deyə məcburiyyət ola bilməz. Hər kəsin fərdi, individual verə biləcəyi qərardır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.