Bank əməliyyatlarımızı “çek”siz etsək, problem olarsa, pulumuzu geri qaytara bilərik?

23-10-2024, 00:07           
Bank əməliyyatlarımızı “çek”siz etsək, problem olarsa, pulumuzu geri qaytara bilərik?
Müasir bankçılıqda çekdən istifadənin mümkün qədər azaldılmasına çalışılır. Bu, bir sıra amillərdən asılıdır. Həmçinin burda elektron sistemlərin verdiyi üstünlüklər də var. Bəzi müştərilər əməliyyatdan sonra çeki götürməsələr də, bir qisim müştəri yenə də fiziki çek götürür. Onlar düşünürlər ki, fiziki çek daha etibarlıdır. Müştəri çeki götürmədikdə problem yaranarsa, bu vəziyyət necə həll olunur?

Bank məsələləri üzrə mütəxəssis Emin Mahmudov Valyuta.az-a açıqlamasında bildirdi ki, çek istifadəsinin azalmasının müasir bankçılıq sistemində bir sıra səbəbləri var: “İlk növbədə, ekoloji məsələlər ön plana çıxır. Banklar, çeklərin istehsalı üçün tələb olunan resursları azaltmaq və təbii sərvətləri qorumaq məqsədilə çeklərin istehsalını minimuma endirirlər. Belə ki, müştərilər çekdən çox istifadə etmədikdə, bu, ekoloji yükü də azaldır. İkinci səbəb isə, bankların maliyyə qənaətidir. Çeklərin istehsalı və saxlanılması xərclidir. Buna görə, banklar müştərilərə az çek təqdim etməklə, xərclərini azaltmağa çalışırlar. Digər bir səbəb isə, ətraf mühitin çirklənməsidir. Müştərilər bankomatlardan çeki götürdükdən sonra onları atır, bu da ətraf mühitin zibillənməsinə səbəb olur. Banklar, bunun qarşısını almaq üçün müştəriləri çeksiz əməliyyatlara yönləndirirlər”.

E.Mahmudovun sözlərinə görə, müasir bankomatlar artıq müştərilərə çeki götürmək istədikləri ilə bağlı seçim təqdim edirlər: “Bəzi hallarda, bankomatlardan istifadə zamanı çeki almaq üçün düymənin yerini dəyişərək, müştərilərin çeksiz davam etmələrini təşviq edirlər. Bu yanaşma, bankların əməliyyatların daha səmərəli və sürətli aparılmasına kömək edir”.

Mütəxəssis qeyd edib ki, banklar müştərilərə elektron çek təqdim edərək, fiziki çeklərə olan ehtiyacı azaldırlar: “Elektron çek əməliyyatların daha asan saxlanmasına və izlənməsinə imkan tanıyır, həmçinin itki riskini minimuma endirir. Beləliklə, müştərilər istədikləri zaman ödənişlərin sübutlarını asanlıqla əldə edə bilərlər. Bəzi müştərilər, xüsusən yaşlı nəsil, hələ də fiziki çeki saxlamağı üstün tuturlar, çünki bu, onlara daha etibarlı görünür. Lakin elektron sistemlərin təqdim etdiyi üstünlüklər, məsələn, əməliyyatların tarixçəsinin saxlanılması, müştəri və bank üçün daha əlverişlidir. Nəticə etibarilə, banklar müasir texnologiyaların tətbiqi ilə çek istifadəsini azaldaraq, həm müştəri rahatlığını artırır, həm də ekoloji və maliyyə baxımından daha səmərəli bir sistem qurmağa çalışırlar”.

“Əgər müştəri əməliyyatı çeksiz aparıbsa, sonra ödənişlə bağlı problem yarandıqda, məsələn, bank sistemində bir nasazlıq olarsa, bunun həlli prosesi uzana bilər. Bu zaman bank, müştəri ilə əlaqə saxlayaraq, ödənişin statusunu dəqiqləşdirir. Əgər problem bankomatla bağlıdırsa, bankomat inkasasiya olunur və vəsait aşkarlanarsa, müştərinin hesabına qaytarılır. Bu prosesdə ödəniş itmir, amma həll edilməsi bir az vaxt ala bilər” - deyə mütəxəssis vurğulayıb.

Maya Hüseynova












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.