Binəqədidədə zibil problemi olduğu kimi durur - FOTO
30-10-2024, 18:14
Binəqədi rayonu, 8 mart küçəsinin sakinləri yaşadıqları ərazidəki natəmizlikdən gileylənirlər.
Ölkə.Az xəbər verir ki, bu barədə Binəqədi sakini, jurnalist Samir Mirzə bildirib. O söyləyib ki, əvvəllər zibil maşınları küçələrdəki zibilləri götürsə də, artıq uzun müddətdir gəlmədiyindən antisanitar vəziyyət yaranıb.
Jurnalistin sözlərinə görə, uzun müddət sakinlər hər həftənin 3-cü günləri axşam saatlarında 1-2 sellofan paketdə zibili əraziyə qoyublar, səhər tezdən isə zibil maşını yığışdırıb. Hətta sakinlər buna görə pul da ödəyiblər:
“Əvvəllər həftənin 4-cü günləri səhər tezdən zibil maşını zibilləri daşıyırdı, daha sonra şənbə günləri daşımağa başladı, sonra xəbər-ətərsiz yoxa çıxdılar. Zibillərin gözü yolda qaldı, arxalarınca gələni olmadı. Amma onlar yerlərinə o qədər öyrəşdilər ki, sayları artmağa başladı. Yoldan keçənlər də kruqlarını zənginləşdirdi. Amma arxalarınca gələn olmadı. İndi əməlli-başlı məhəlləmiz zibilxanaya çevrilib”, - deyə jurnalist qeyd edib.