ABŞ-də neft ehtiyatının gözlənilməz şəkildə azalması "qara qızıl"ı bahalaşdırır

1-11-2024, 18:54           
ABŞ-də neft ehtiyatının gözlənilməz şəkildə azalması "qara qızıl"ı bahalaşdırır
Məlumatlara görə, "OPEC plyus" artan neft təklifi ilə bağlı narahatlıq səbəbindən dekabrda planlaşdırılan neft hasilatının artımını bir ay və ya daha çox gecikdirə bilər.
Sputnik. Bu gün dünya bazarlarında neft qiymətlərində artım müşahidə edilir. Bahalaşmanın səbəbi ABŞ-də neft ehtiyatlarının gözlənilməz şəkildə azalmasıdır. Analitiklər isə neft ehtiyatlarının artacağını proqnozlaşdırırdılar. Eyni zamanda, OPEC-in planlaşdırılan hasilat artımını gecikdirə biləcəyinə dair xəbərlər də neft qiymətlərini dəstəkləyib.
"Brent" markalı neft 47 sent artaraq 73,02 dollar, ABŞ-nin Qərbi Texas nefti ("WTI") 43 sent artaraq 69,04 dollar olub. Hər iki markalı neft Yaxın Şərqdə münaqişənin böyümə riskinin azalması ilə həftənin əvvəlində 6%-dən çox ucuzlaşıb.
"Azeri Light" markalı Azərbaycan nefti 1,79 dollar artaraq 73,66 dollar təşkil edib.
Ötən həftənin yekunlarına görə, ABŞ-də kommersiya neft ehtiyatları 515 min barel azalaraq 425,5 milyon barel təşkil edib. Bu barədə ABŞ-nin Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilib. Bundan öncə analitiklər ABŞ-nin kommersiya neft ehtiyatlarının 1,5 milyon barel artacağını proqnozlaşdırırdı.
Məlumatlara görə, "OPEC plyus" artan neft təklifi ilə bağlı narahatlıq səbəbindən dekabrda planlaşdırılan neft hasilatının artımını bir ay və ya daha çox gecikdirə bilər. "OPEC plyus"un dekabrın 1-də görüşü planlaşdırılıb.
Bazarlar noyabrın 5-də ABŞ-də keçiriləcək prezident seçkilərinin nəticələrini, eləcə də Çində iqtisadi göstəricilərin təfərrüatlarını gözləyir.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 dollardan hesablanıb.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.