Musiqi müəllimləri nazirliyin qərarına etiraz edir - FOTO

30-11-2024, 12:58           
Musiqi müəllimləri nazirliyin qərarına etiraz edir - FOTO
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin qərarına əsasən 2025 -ci ildən müəllimlərin sertifikasiya imtahanı keçiriləcək. Bununla bağlı nazirlik Respublikanın bütün uşaq və musiqi incəsənət məktəblərinə məktub göndərib.

Ancaq buna baxmayaraq, demək olar ki, bütün müəllimlər sertifikasiya imtahanından narazıdır.

Onlar açıq- aydın imtahan vermək istəmədiklərini bildiriblər.

Məsələ ilə bağlı Gununsesi.info -ya danışan Sumqayıt şəhər, Bülbül adına 2 nömrəli Uşaq İncəsənət məktəbinin solfecio musiqi ədəbiyyatı müəllimi Yeganə Hüseynova qeyd edib ki, yeni ilin ilk aylarında sertifikasiya imtahanı veriləcək:

Yeganə Hüseynova

“İmtahana 2-3 ay qalıb və hazırlaşmaq üçün bu müddət çox azdır. Çünki sertifikasiya imtahanı biz bilirik ki, məsuliyyətli bir imtahandır. Bizə çatan məlumata görə, videogörüntü ilə imtahan veriləcəkdir və imtahanın son saatlarında müəllimin işləyib- işləməməyi barədə qərar veriləcəkdir”.

Musiqi ədəbiyyatın geniş fənn olduğuna toxunan Y.Hüseynova deyir ki, bu böyük bir elmdir:

“Biz bu dərsləri şagirdlərə dövlətin bizə təqdim etdiyi plan əsasında deyirik. Bizə bir məlumat da çatdı ki, nümunə olaraq orada tamam başqa bir suallar əlavə olunub. Əslində musiqi məktəbi həcmində suallar əlavə olunmalıdır, çünki biz tədris planı əsasında dərslər keçirik və o tədris planı əsasında da imtahanların verilməsini istəyirik”,- deyə o əlavə edib.

Yeganə Hüseynovanın sözlərinə görə, MDB ölkələrinin heç birində müəllimlərin sertifikasiya imtahanları olmayıb:

“Müəllim adı uca və alidir. Ali məktəbdə, yaxud hər hansı ixtisas məktəblərində təhsil alırsan, musiqi və ya orta məktəblərdə dərs deyirsənsə, staj, yəni müəllimin dərs dediyi müddət artıq ona böyük bir məktəbdir. Bugün 20 -30 – 40 ilin müəllimlərini sertifikasiya etmək ağlasığmazdır”.

Müəllim qeyd edib ki, Musiqi və İncəsənət məktəbləri istəklə seçilən, arzuolunan məktəblərdi:

“Valideynlər uşaqların asudə vaxtlarını səmərəli keçirilməsi üçün bu məktəblərə göndərir. Bilirik ki, musiqi özü bir istedaddır. Məsələn, sinfimizdə 10 uşaq təhsil alırsa, onların 2-si, 3 -ü anadangəlmə istedada malikdir. Musiqi təhsili alıb, ancaq bu sahəyə istedadları çatmayanlar artıq digər səmtə yönəlirlər”.

Sonda Yeganə Hüseynova vurğulayıb ki, musiqi müəllimlərindən sertifikasiya imtahanı götürməyin tam əleyhinəyik:

“Biz öz məktəbimizin müəllimləri ilə də mütəmadi olaraq bu barədə söhbətlər aparırıq. İstəklə seçilən məktəbdə sertifikasiya imtahanlarının keçirilməsi arzuolunmazdır. Həm də ki, test yox, videokamera ilə olan imtahandır. Hər kəs videokameranın qarşısında bildiklərini çatdıra bilmir, adam var kamera qarşısında həyəcanlı olur. Bu çətin bir situasiyadır. Ona görə də, bu imtahanın tam əleyhinəyik. İstərdik ki, sertifikasiya imtahanı öz proqram və planımız əsasında keçirilsin. Bu gün biz məktəbimizdə uşaqlara solfecio, musiqi ədəbiyyatı, xalq yaradıcılığı, ritmika, Azərbaycan musiqi ədəbiyyatı, sovet musiqi ədəbiyyatı, xarici musiqi ədəbiyyatı dərslərini keçirik. Məktəbdə nə keçiriksə, onun əsasında da, imtahan verməliyik. Buna görə də, biz müəlimlər heç sertfikasiya imtahanı vermək istəmirik”, – deyə Y. Hüseynova bildirib.

Günel Həsənova












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.