Ordubadda ucqar kənd müəllimləri: " Komunal pulumuzu kəsiblər."
Bu gün, 16:46
Ordubad rayonunun ucqar kəndlərində çalışan müəllimlər, onlara ayrılan 90 manat kommunal xərclərin ötən ilin sentyabr ayından ödənilmədiyini bildirirlər. Şikayətçilər “Gündəlik Naxçıvan”a deyirlər ki, buna səbəb kimi müəllimlərin dərs dedikləri kəndlərdə yaşamamaları göstərilir. Əlavə olaraq, bu qərar dövlət büdcəsinə qənaətlə əlaqələndirilir. Lakin müəllimlər bunun ədalətsizlik olduğunu düşünürlər, çünki onlar həmin kəndlərə hər gün gedib-gəlmək üçün kommunal üçün nəzərdə tutulandan da çox xərc çəkirlər.
Naxçıvan şəhərindən hər gün taksi ilə gedib-gələn müəllimlərdən biri olan G.M. deyir ki, bu qərar onların onsuz da ağır olan vəziyyətini daha da çətinləşdirir:
“Demək olar ki, bütün məktəblərdə eyni sözü deyirlər: kənddə qalmadığınız üçün kommunal xərclər ödənilməyəcək. Mən hər gün Naxçıvan şəhərindən gedib-gəlirəm. Ucqar kəndlərə normal marşrut işləmədiyi üçün taksiyə 8 manat ödəyirəm, bu da ayda 160 manat edir. Heç bir dərs buraxmıram, amma yenə də bu 90 manat kəsilir. Mən ailəliyəm, uşaqlarımı buraxıb daimi kənddə qala bilmirəm. Elə müəllim var ki, həftədə iki-üç dərsi olur, bu halda kim ailəsini qoyub kənddə qala bilər? Onsuz da maaşımız ailəmizi dolandırmağa çatmır. Nazirlik bu məsələyə müdaxilə etməli və bu pulların ödənilməsini təmin etməlidir.”
Oxşar problemi yaşayan C.Ə. isə, yaşlı anasına baxmaq üçün kənddə qala bilmədiyini bildirir:
“Əvvəllər dərs dediyim kənddə qala bilirdim. Amma ötən ildən xəstə anamı tək buraxa bilmirəm. Hər gün 80 kilometr məsafəni qət edərək kəndə gedib-gəlirəm. Taksi üçün gündə 8-10 manat ödəyirəm, bu isə 90 manatlıq kommunal xərclərdən iki dəfə artıqdır. Dərs buraxmıram, hər dəfə vaxtında dərsə gəlirəm, amma yenə də bu pulu kəsirlər. Kənddə qalmaq isə daha çox xərc tələb edir. Biz xoşumuzdan hər gün bu əziyyəti çəkmirik. Ailə dolandırmaq üçün bu yolu qət edirik, amma nə məktəb rəhbərliyi, nə də Təhsil Nazirliyi bu vəziyyəti nəzərə almır.”
Müəllimlər, kommunal xərclərin ödənilməməsinin maliyyə çatışmazlığı bəhanəsi ilə izah edilməsinə etiraz edirlər. Onların fikrincə, dövlətin maliyyə problemlərini həll etmək üçün müəllimlərin vəziyyətini daha da ağırlaşdırması doğru deyil.
“Məktəb rəhbərliyi və nazirlik deyir ki, maliyyə çatışmazlığı var. Amma bu çatışmazlığı yalnız müəllimlərin cibindən həll etməkmi lazımdır? Onsuz da az maaş alırıq, ailəmizi dolandırmağa çətinlik çəkirik. Hər şeyə pul tapırlar, amma bizim 90 manatımızı vermək istəmirlər.”
Müəllimlər ümid edirlər ki, Təhsil Nazirliyi bu məsələni araşdıracaq və haqlarının bərpası üçün tədbirlər görəcək.