Deportasiyalar Kaliforniya ferma işçiləri və yerli fermerlər üçün qeyri-müəyyənlik yaradır
18-02-2025, 15:38

Kaliforniyanın mərkəzi bölgəsində çiyələk və sitrus meyvələrinin yığımı mövsümüdür. Lakin ABŞ-da qanunsuz yaşayan bəzi ferma işçiləri prezident Donald Trampın qanunsuz miqrasiyaya qarşı sərt tədbirlərinin bir hissəsi olan miqrant həbslərindən sonra işə getməkdən çəkinirlər. Genia Dulot mövzu ilə bağlı reportaj hazırlayıb.
Alehandra Kaliforniyada sənədsiz ferma işçisidir və deportasiya qorxusuna görə üzünü göstərmək və soyadını açıqlamaq istəmir.
O bildirir ki, bu ayın əvvəlində işə gedərkən ABŞ-ın Miqrasiya və Gömrük Mühafizəsi Xidməti – ICE agentlərinin Beykersfild şəhəri ətrafında sənədsiz miqrantları həbs etməyə başladığını görüb.
Alehandra, Sənədsiz miqrant: “O reydlərə çərşənbə axşamı başladılar, çərşənbə günü isə qorxduğumuz üçün işə getmədik. Bütün gün ICE agentlərinin çox fəal olduğunu eşitdik və gördük. Onlar bütün fermer işçilərinin keçməli olduğu əsas yerlərdə, sitrus bağlarının olduğu ərazilərdə idilər. Buna görə də ertəsi gün qorxduğum üçün işə getmədim.”
Ferma İşçiləri İttifaqının prezidenti Tereza Romero bildirir ki, onların iki üzvü saxlanılıb.
Tereza Romero, Ferma İşçiləri İttifaqının prezidenti: “Deportasiya olunan fermer işçiləri burada 15-20 ildir işləyirdilər. Onların hətta parkinq cəriməsi belə yox idi. Onları küçədə saxladılar. Bu, müəyyən bir şəxsə qarşı verilmiş məhkəmə orderi ilə edilməyib. Onlar sadəcə işdən evə qayıdarkən nişanlanmamış maşınlarla saxlanılıblar.”
Tramp administrasiyası bu ilk miqrant həbslərinin əsasən cinayətkar hesab edilən şəxslərə yönəldiyini bildirsə də, Ağ Evin Sərhəd Çarı Tom Homan bunun yalnız başlanğıc olduğunu vurğulayır.
Tom Homan, Ağ Evin Sərhəd Çarı: “Bu həbslər yalnız cinayətkarlarla kifayətlənməyəcək. Mən bunu açıq şəkildə bildirdim: əgər siz bu ölkədə qanunsuz şəkildə yaşayırsınızsa, siz diqqətdən kənar qalmayacaqsız.”
Beykersfild sakini Ceyms Miller bildirir ki, deportasiyalar bu bölgədə sahə işçilərinin çatışmazlığına səbəb ola bilər, lakin miqrasiya agentləri qanunları icra etməlidirlər.
Ceyms Miller, Beykersfild sakini: “Deyilənlərin məktəblərə basqınlar kimi şərh edilməsi yanıltıcıdır. Onların görməli olduqları bir iş var və onu yerinə yetirməlidirlər. Bu, bizə təsir edəcəkmi? Yəqin ki, edəcək.”
Digər sakin Ceypi Avalos isə iqtisadi təsirin ciddi ola biləcəyini deyir.
Ceypi Avalos, Beykersfild sakini: “Bunu iki-üç aya görəcəyik. Latın amerikalı miqrantları çıxardıqda, ərzaq qiymətlərinin necə dəyişdiyini və bu məsələdə nə edəcəyinizi görəcəyik.”
Qonşu Ventura dairəsində də yeni administrasiya çərçivəsində miqrasiya basqınları aparılıb. Ventura dairəsinin Ferma Bürosu qeyri-kommersiya təşkilatının hesablamalarına görə, burada sahə məhsullarını yığan işçilərin 80 faizindən çoxu sənədsiz miqrantlardır.
Büronun rəhbəri Maurin Makquayr xəbərdarlıq edir.
Maurin Makquayr, Ventura dairəsinin Ferma Bürosu rəhbəri: “Əgər kütləvi deportasiyalar baş versə və məhsul yığan işçi qüvvəsini itirsək, həmin məhsulların təklif həcmi azalacaq. Nəticədə, supermarketlər məhdud resurs uğrunda rəqabət aparacaq və bu da qiymətlərin artmasına səbəb olacaq.”
Alehandra bildirir ki, həbslərdən bir neçə gün sonra yenidən yerkökü toplamaq üçün işə qayıdıb, lakin özü və ABŞ-da doğulmuş oğlunun miqrasiya agentlərindən uzaq qalması üçün ictimai yerlərə çıxmaqdan çəkinir.