Büdcə pullarının havaya sovrulduğu DAHA BİR ÜNVAN: Gənclər evləri...
Bu gün, 11:46

Rayonlarda mədəniyyət mərkəzlərinim, kinoteatrların, kafelərin və.s sayı çox azdır, hətta bəzi rayonlarda isə heç yoxdur. Bu, gənclərin inkişafına mənfi təsir edir.
Bəs görəsən bu problemlərin həlli üçün hansı addımlar atılmalıdır?
Sosioloq Lalə Mehralı mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verib:
"Rayon gənclərinin mədəni inkişafı üçün imkanlar çox məhduddur. Xüsusilə qızlarımız üçün şərtlər ikiqat çətindir. Rayonlarımızın çoxunda gənclər mərkəzləri tikilib. Amma təəssüf ki, onların əksəriyyətinin qapılarında böyük bir qıfıl var. Dövlətin yaratdığı imkanlardan gənclərin istifadə etməsinə imkan verilmir. Gənclər evlərində kitabxanalar, komputer otaqları, idman zalları var. Ancaq heç biri gənclərin istifadəsinə verilmir. Gənclər evlərinin qapıları gənclərimizin üzünə bağlıdır. Əgər gənclər bu imkanlardan yararlana bilmirsə, onda o evlərin yaradılmasının məqsədi nədir? Rayonlarda gənclərimiz maksimum çay evlərinə gedə bilir. Bu da, ancaq oğlanlar üçün mümkündür. Qızlarımız üçün vəziyyət daha pisdir. Gənclərimiz çay evində maksimum nə qədər inkişaf edə bilər?
Kitabxanaların kitab bazaları yenilənməlidir, gənclərin mədəni inkişafı üçün məkanlar açılmalıdır. Amma bunların heç biri reallaşmır. Bütün bu səbəblərdən rayondan Bakıya oxumağa gələn gənclərin heç biri geri qayıtmırlar. Onlar Bakıda öz mədəni inkişafları üçün hər şəraiti görürlər və geri qayıtmaq istəmirlər. Öz rayonlarında yerli icraedici orqanlar gənclərə bu imkanları yaratmadıqlarına görə onları itirirlər. İstənilən sahədə oxuyan gənc rayonuna qayıdıb ora fayda verə bilər. Amma bu problemlərə görə qayıtmırlar. Çünki, təhsillərinə qoyduqları kapitalın əvəzini rayonda ala bilmirlər.
Gənclərimizi rayonlara qaytarmaq üçün orda onların inkişafına və istirahətinə lazım olan məkanların sayını artırmaq lazımdır"