Universitetlər şirkətlərin sifarişi ilə kadr hazırlanacaq?

27-03-2025, 11:38           
Universitetlər şirkətlərin sifarişi ilə kadr hazırlanacaq?
Dünyada baş verən texnoloji dəyişikliklər və biznes münasibətlərində yaranan yeni şərait əmək bazarına da təsirsiz ötüşmür. Heç kimə sirr deyil ki, bu gün bakalavriat və magistraturaya böldüyümüz ali təhsilin ikinci pilləsini bitirənlərin belə iş tapması elə də asan olmur.

Özünə hər hansı bir münasib iş tapmaq üçün, CV deyilən anketini min bir təşkilata göndərməlisən.

İşdir, sənə hansısa bir təklif gəlsə, yenidən hansısa əlavə kursları bitirməyin, təcrübə toplamaq məqsədilə sınaq mərhələsini keçməyin, müsabiqə və imtahanlarda iştirak etməyin tələb olunacaq. Belə olduğu halda, düşünülür ki, universitetlərin ixtisaslar üzrə kadr hazırlamasında problemlər var.

Halbuki, təhsil müəssisəsində kadr hazırlığının keyfiyyət səviyyəsi məzunların milli və beynəlхalq əmək bazarında rəqabətqabiliyyəti, ölkənin sоsial və iqtisadi inkişafında rоlu ilə müəyyən edilir. Bir sözlə ixtisası üzrə iş tapmaq diplomlu iş axtaran üçün əsas problemə, onların təcrübəsizliyi, lazımi bacarıq və vərdişlərə hələ tam yiyələnməmələri isə işəgötürən üçün əsas bəhanəyə çevrilib.

Bəs, işəgötürənin sifarişi ilə universitetlər kadr hazırlaya bilərmi?

Suala təhsil üzrə ekspert Nadir İsrafilov aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, universitetlər nəinki kadr hazırlaya bilərlər, hətta bilməlidirlər də:

“Bunu bazar iqtisadiyyatının vəzifələri, əmək bazarında rəqabət qabiliyyətli kadrların olması, ölkənin sоsial və iqtisadi inkişafında təhsil müəssisəsində kadr hazırlığının keyfiyyət səviyyəsinin məzunların milli və beynəlxalq rəqabətə davamlı mütəxəssislərin yetişdirilməs tələbi zəruri edir.

Heç də əbəs deyil ki, Əmək bazarı üçün hazır kadr yetişdirilməməsinin böyük problem olduğuna Elm və Təhsil Nazirliyi də diqqət çəkib.

Nazir müavini İdris İsayev bu günlərdə bildirib ki, “təhsildə yeni qiymətləndirmə alətlərindən istifadə etməliyik. Əgər bu baş verməyəcəksə, gənclərimizin əmək bazarında işi çətinləşəcək.. İşəgötürənlər fərqli bacarıqlar tələb edirsə, onlar da bu prosesdə iştirak etməlidirlər”.

Məlum olduğu kimi ötən il Nazirlər Kabinetinin bakalavr, magistratura, əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələri üzrə ixtisasların yeni təsnifatını təsdiq etmişdi. Təsnifatda aparılan dəyişikliklər müvafiq olaraq yeni təhsil proqramlarının hazırlanmasını tələb edirdi.

Yaxın vaxtlarda həm ali təhsil müəssisələri, həm də əmək bazarının nümayəndələrinin təmsil olunduğu İşçi qrupları ilkin olaraq magistratura səviyyəsində ixtisaslar üzrə ixtisaslaşmalarıın yekun siyahısını hazırlayıb nazirliyə təqdim etməlidirlər. Üstəlik, hər bir ixtisas üzrə müvafiq çərçivə sənədinə uyğun təhsil proqramlarının hazırlanmasının təmin olunması da nəzərdə tutulur.

Yeni təhsil proqramlarının tərtib edilməsi ilə məzunların bilik və bacarıqlarının müasir əmək bazarının tələblərinə uyğunluğunun təmin edilməsi gözlənilir. Artıq, Ali Neft Məktəbinin SOCAR-la və “Veysəloğlu” Şirkətlər Qrupu arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Bu ilkdir və digər universitetlərin də ayrı-ayrı şirkətlərlə qarşılıqlı əməkdaşlığına bir mesaj ola bilər”.

Müsahibimiz onu da qeyd edib ki, ali və orta ixtisas təhsil müəssisələrində əsasən, “bir ovuc” nəzəri biliklərin mənimsənilməsinə daha çox üstünlük verilir:

“Əlavə kurslara meyl və maraq məhz bu faktorla əlaqədardır. Buna görə də əbəs yerə deyil ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda ikinci strateji istiqamət təhsil sahəsində insan resurslarının müasirləşdirilməsini nəzərdə tutur.

Bu istiqamət innovativ təlim metodlarını tətbiq edən, təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən səriştəli təhsilverənin formalaşdırılmasına xidmət edir. Bu, özündə təhsilverənlərin peşəkarlığının yüksəldilməsi, təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni sistemlərin qurulmasını nəzərdə tutur”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.