Məşhur İtaliya brendi "Qazprom"un idarəçiliyindən çıxarıldı
28-03-2025, 15:58

İtaliyanın "Ariston Holding" şirkəti özünün Rusiya bölməsi olan "Ariston Thermo Rus"a nəzarəti bərpa edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə İtaliyanın Milanofinanza.it nəşri məlumat verib.
Məlumata görə, bu, Rusiya Prezidenti Vladimir Putinin 2025-ci il martın 26-da imzaladığı müvəqqəti idarəçilik haqqında fərmanının ləğvindən sonra baş verib.
Rusiya Prezidenti Vladimir Putinin fərmanına əsasən, Rusiyanın törəmə şirkəti "Ariston"un səhmləri "Qazprom" strukturunun müvəqqəti idarəçiliyindən çıxarılıb.
Qeyd edək ki, 2024-cü ilin aprel ayında Putin "Ariston"un Rusiyadakı törəmə şirkəti "Ariston Termo Rus"u dövlətə məxsus "Qazprom məişət sistemləri"nin müvəqqəti idarəçiliyinə vermişdi. Nəşr Rusiya agentliklərinə istinadla bildirir ki, bu bənd artıq etibarsız elan edilib.
"Ariston" şirkəti xəbəri təsdiqləyib və bildirib ki, Rusiya "Ariston Holding N.V."ə mülkiyyət və Rusiyadakı törəmə şirkətinin səhmlərinə tam şəkildə idarəetmə hüququnu geri qaytarıb.
"Rusiyada fəaliyyətimizi davam etdirmək üçün mövcud qaydalara və sanksiyalara tam uyğun olaraq, yerli rəhbərliyimizlə birgə işimizi bərpa edəcəyik", - deyə "Ariston Group"un icraçı sədri Paolo Merloni bildirib.