Başqasının cərimələrinə görə sürücülük hüququndan məhrum edildi
30-03-2025, 12:14
Vətəndaş Pərviz Babazadə başqasının törətdiyi inzibati xətaya görə sürücülük hüququndan məhrum edilib. TEREF Xəzər TV-yə istinadən xəbər verir ki, Pərviz Babazadənin sözlərinə görə, bir müddət əvvəl Səxavət Bayramovdan günü 15 manata icarəyə avtomobil götürüb.
Taksi fəaliyyəti ilə məşğul olan Pərviz deyir ki, müştəri az olduğundan avtomobili geri qaytarıb. Amma həmin vaxt adına olan etibarnaməni ləğv etdirmək yadından çıxıb.
Onun sözlərinə görə, cərimələr dayanma və durma qaydasının pozulması və digər inzibati xətalara görədir. Bildirir ki, həmin cərimələrə görə sürücülük hüququ da məhdudlaşdırılıb.
Ekspertlər deyirlər ki, qanuna əsasən sonuncu etibarnamə Pərviz Babazadədə olduğu üçün törədilən inzibati xətaların cəriməsi ona gəlir.
Belə olduğu halda vətəndaş adına olan etibarnaməni ləğv etdirmək üçün məhkəməyə müraciət etməlidir. Daha sonra sübuta yetirilsə ki, həmin vaxt sükan arxasında Pərviz Babazadə olmayıb, cərimə məbləği avtomobilin əsl sahibinə yazılacaq.