Məzarı da, özü də unudulan sənətkar - AXI NİYƏ?..
Dünən, 08:23

Bu gün Azərbaycan xanəndəlik sinfinin ən parlaq nümayəndələrindən biri sayılan, görkəmli sənətkar Cabbar Qaryağdıoğlunun doğum günüdür. "Şərq musiqisinin peyğəmbəri" adlandırılan Cabbar Qaryağdıoğlu dəfələrlə İran şahlarının, Türkiyə sultanlarının məclislərinə dəvət olunmuş, öz gözəl ifası ilə onları məftun etmişdir. O, yaradıcı sənətkar idi. Bir muğamı 2-3 saat, bəzən isə böyük məclislərdə 4 saat belə oxuyardı. Adı və mahnıları dillərdə əzbər olsa da, məzarı unudulan və dağılan sənətkarı nəinki həmkarları, heç Mədəniyyət Nazirliyinin işçiləri də yad etməyib. Heç nazirliyin rəsmi sosial şəbəkələrində belə sənətkarın şəklinə yaxud onun haqda məlumata rast gəlmədik.
Moderator.az-a açıqlama verən əməkdar artist Sevinc Sarıyeva bildirib ki, bu hal onu da çox üzüb:
“Mən çox pis oldum. Cabbar Qaryağdıoğlu kimi sənətkarlar min ildə bir dəfə də yetişmir. Dahi, ustad sənətkardır! Məzarının bu vəziyyətdə olmasından qətiyyən xəbərim olmayıb. Belə sənətkarları biz yaşatmalıyıq. İçi mən qarışıq, özümü də ora aid edirəm. Vallah özüm-özümdən utandım! Səmimi deyirəm! Onun ruhu bizi bağışlasın! Bir film, kino çəkiləndə qohum-əqrabası üzə çıxır. Amma belə işdə heç kim irəli durmur. Çox heyflər olsun! Bəlkə də nazirliyin xəbəri yoxdur. Əlbəttə ki, hər kəsin xəbəri olmalıdır. Aidiyyatı şöbə maraqlanmalıdır, lazım gəlsə təmir etdirməlidirlər. Nəhəng sənətkarın məzarı baxımsızdır. Bir anlıq özümü Cabbar Qaryağdıoğlunun yerinə qoydum. Heç kim bu dünyanı tutub dayanmayacaq. Sözün bitdiyi andır. Belə insanların qəbri daim ziyarət olunmalıdır. Getsəydik əlbəttə ki, o dağılan məzarı da görərdik” deyə sənətkar bildirib.
Əməkdar artist Nuriyyə Hüseynova isə saytımıza açıqlamasında bildirib ki, bu məsələni çalışdığı Milli Konservatoriyada qaldıracaq:
“Bizim indiki nazirimiz cənab Adil Kərimlinin bu məsələdən xəbəri olsaydı hər şey edərdi. Çünki o milli dəyərlərin hər birini yüksək qiymətləndirir. Bəzən sənətkarların qohumları belə məsələləri aktuallaşdırandan sonra o məsələ öz həllini tapır. Siz bu fotoları mənə göndərməsəydiniz mən heç bilməyəcəkdim. Sağ olun ki, bunu mənə göstərdiniz. Mən günü sabah Milli Konservatoriyanın Muğam kafedrasında bu məsələni qaldıracam. Biz danışıb buna bir ölçü götürərik. İnşallah ki, bunun nəticəsi olar. Əlbəttə ki, böyük sənətkarımızdır. Ola bilsin ki, diqqətdən kənarda qalıb. İndi elə bir zəmanəyə gəlmişik ki, informasiya bolluğundan, problemlərin çoxluğundan insanlar bəzən istəməyərək də nələrisə unuda bilirlər” deyə sənətkar bildirib.
Qeyd edək ki, Cabbar Qaryağdıoğlu 1944-cü ildə Bakıda vəfat edib. Çəmbərəkənd qəbiristanlığında dəfn olunub. SSRİ Nazirlər Soveti tərəfindən 1948-ci ildə Cabbar Qaryağdıoğlu və digər vəfat etmiş mədəniyyət xadimlərinin məzarları Fəxri xiyabana köçürülməsi barədə qərar qəbul olunub. Siyahıda olan şəxsiyyətlərdən təkcə Cabbar Qaryağdıoğlunun məzarı Fəxri xiyabana köçürülməyib. Hazırda məzarı Yasamal qəbirstanlığında yerləşir.
