Pensiya yaşına az qalanlar mütləq oxusun: 5 il müddət… - AKTUAL
Bu gün, 09:46

Azərbaycanda bəzi vətəndaşlar pensiya yaşına az qalmış bu və ya digər səbəblərdən işsiz qalırlar. Xüsusilə 50-60 yaşlı şəxslər növbəti mərhələdə yeni məşğuliyyət tapmaqda çətinlik çəkdiklərini, nəticədə pensiya hüququndan məhrum olduqlarını bildirirlər. Belə ki, tələb edilən 25 illik staj və ya sosial sığorta ödənişləri tamamlanmır.
Belə hallarla qarşılaşan vətəndaşlar barədə xüsusi təkliflər olmalıdırmı?
Globalinfo.az-a danışan sosioloq Elçin Bayramlı deyib ki, son vaxtlar bu problem daha da aktuallaşıb:
“Xüsusən özəl şirkətlər, müəssisələr müxtəlif və əsassız bəhanələrlə yaşlıları işdən uzaqlaşdırmağa çalışırlar. Nəticədə pensiya yaşına bir neçə il qalmış həmin şəxslər gənc kadrlarla əvəzlənir. Yaşlı adam isə başqa heç yerdə iş tapa bilmir. Elan saytlarında yerləşdirilən vakansiyalara baxmaq kifayətdir ki, bu prosesin nə yerdə olduğunu anlayaq. Belə ki, maksimum 35-40 yaşa qədər işçilər tələb olunur. Bu baxımdan onların hüquqları ciddi şəkildə pozulur. Şəxs 30-35 il işləyir, pensiya yaşına bir az qalmış gəlirini itirir və sığorta haqqı, iş stajı tamamlanmır. Artıq o, normal deyil, yaşa görə pensiya ala bilir. Bunun qarşısını almaq üçün bir çox ölkələrdə konkret tələblər qoyulur. Məsələn, bəzilərində pensiya yaşına 3-5 il qalmış işlərin vəzifəsindən azad edilməsi qadağandır. Fikrimcə, Azərbaycanda da belə yanaşma olmalıdır”.
Sosioloq bildirib ki, bu, istər fiziki, istərsə də hüquqi şəxslərin işçilərinə şamil edilməlidir:
“Dövlət şirkətlərində bu məsələlərə bir qədər fikir verilir. Əmək hüquqları əsasən özəl müəssisələrdə pozulur. Qanunda qəti tələb qoyulmalıdır. Çox ciddi əsaslar olmasa, vətəndaş cinayət törətməsə, müəssisəyə qəsdən ağır zərər vurmasa, pensiya yaşına minimum 3, yaxud 5 il qalmış onların işdən çıxarılması qadağan olunmalıdır. Başqa yolu yoxdur. Çünki kapitalizm dövrü vicdansızdır. Şirkətlər daha çox istismar edə biləcəyi, mümkün qədər enerjili, subay gənclər axtarırlar, beləliklə, yaşlı nəsil ixtisara salınır”.