Son 7 gün: Bazarlara vergi gəlir

Bu gün, 11:14           
Son 7 gün:
“Bazarlara vergi nəzarətinin təmin edilməsi ilə bağlı Vergi Məcəlləsinə ötən ilin sonunda edilmiş dəyişikliklər oktyabrın 1-dən qüvvəyə minəcək. Dəyişikliklərə əsasən, bazarlarda icarəçilərin faktiki fəaliyyət göstərməsi yalnız onların icarəyə götürdükləri obyektlərin vergi orqanında uçota alınması təmin edildikdən sonra mümkün olacaq. Bu öhdəliyin təmin edilməsi bazar mülkiyyətçiləri tərəfindən həyata keçirilməlidir”.

Bu, Dövlət Vergi Xidmətinin məlumatında bildirilir. Həmçinin qeyd edilir ki, bazarlarda daşınmaz əmlaklar sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edildikdə, təsərrüfat obyektinin girişində onun vergi orqanında uçota alınması ilə bağlı informasiya, yəni vergi ödəyicisinin adı və VÖEN-i göstərilən məlumat yerləşdirilməlidir:

“Qanunvericiliyin yeni tələblərinə əsasən, bazarların mülkiyyətçiləri tərəfindən icarə müqaviləsinə xitam verilmiş, fəaliyyətini dayandıran, eləcə də fəaliyyətini davam etdirən vergi ödəyiciləri barədə məlumat formasının rübdə 1 dəfə vergi orqanlarına təqdim edilməsi ilə bağlı vəzifə də müəyyən edilib. Dəyişikliklər kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarlarına aid deyil.

Bazarların mülkiyyətçiləri tərəfindən oktyabrın 1-dən növbəti 6 ay ərzində vergi orqanında uçota alınmamış təsərrüfat obyektinin və həmin obyekti icarəyə götürənlərin uçota alınması təmin edilməlidir. Dəyişikliklər qanunsuz sahibkarlıq fəaliyyətinin qarşısının alınması və uçot intizamının gücləndirilməsinə xidmət edəcək, bazarlarda uçotsuz fəaliyyətin qarşısı alınacaq. Bu isə öz növbəsində, icarə haqlarının rəsmiləşdirilməsinə, bazar mülkiyyətçilərinin qanunauyğun şəkildə fəaliyyət göstərməsinə gətirib çıxaracaq”.

Vergi Məcəlləsinə edilən bu dəyiişiklik bazarda məhsulların qiymətinə təsir göstərəcəkmi?

Referans xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı-ekspert Razi Abbasbəyli “Cebheinfo.az”-a bidirib ki, Vergi Məcəlləsinə edilən dəyişikliyə görə ölkədəki bazarlarda mülkiyyətçilər ilə icarədarlar arasında müqavilə imzalanacaq:

“Həmin icarədarlar da vergi uçotuna alınacaqlar. Yəni oktyabr ayının 1-də qüvvəyə minəcək qərardan sonra bazar sahibi olan mülkiyyətçi ilə icarədar olan dükan sahibləri arasındakı müqavilələr vergi uçotuna alınacaq və onlar vergi ödəyicisi kimi qeydiyyata düşəcəklər.

Bu, o deməkdir ki, həm bazarlarda satış nöqtəsi, həm də dükanı və ya anbarı olan şəxslər avtomatik olaraq vergi ödəyicisi kimi fəaliyyət göstərəcəklər. Bu barədə məlumatlar hər qrup üzrə mülkiyyətci icarədar tərəfindən vergi orqanlarında bəyan olunacaq.

Yəni neçə icarə müqaviləsi hazırda qüvvədədir, neçəsi vergi ödəyicisidir və s. kimi hesabatlar hər rüb vergi orqanlarına təqdim olunmalıdır. Bunu təqdim etməyənlər cərimələnəcəklər”.

Onun sözlərinə görə, eləcə də bazar sahibi olan mülkiyyətçilər icarədarlarla müqavilə imzalamadıqları təqdirdə həm mülkiyyətçi, həm də icarədar cərimə olunacaqlar:

“Bu, o deməkdir ki, bazarda vətəndaşın bir piştaxtası varsa və orada müəyyən həcmdə ticarət həyata keçirirsə, ərar ona şamil olunaca. Burada həm kənd təsərrüfatı məhsulları, ət, süd, həm də tikinti materiallarından söhbət gedə bilər. Çünki bu günə qədər bazar satış sistemlərində vergidən yayınma və kölgə iqtisadiyyatı kütləvi hal almışdı.

Biz bunun timsalında Bakıda yüngül sənaye malları, geyim malları satan bazarları göstərə bilərik. Eyni zamanda, tikinti materialları bazarında bunun şahidi oluruq ki, hər hansı bir şəkildə vergi ödəyicisi deyil. Bundan sonra onların vergi ödəyicisi kimi uçota alınmasının həyata keçirilməsi üçün həmin bazarın sahibi olan mülkiyyətçilər üzərində nəzarət mexanizmi qurulacaq.

O mülkiyyət sahibləri də məcburi olaraq icarə müqaviləsi bağladıqları satış həyata keçirən nöqtələrin vergi uçotuna alınmasını təmin edəcəklər. Bu, o deməkdir ki, bazarın daxilində bir nöqtədə kartof belə satsalar, kiçik bir dükan da işlətsə, vergi ödəməli olacaqlar”.

Ekspertin sözlərinə görə, bunun müqabilində piştaxta sahibi məhsulun qiymətini artıracaq:

“Çünki burada maya dəyərinin artması, xərclərin çoxalması var. İstər-istəməz qiymətlərin bahalaşmasında özünü göstərəcək. Maya dəyərinin bahalaşması bazarlarda qiymətlərin bahalaşmasına gətirib çıxaracaq”.

Rayonlardakı bazarlarda ucuz qiymətə məhsul satanların vergini necə verəcəyinə gəldikdə isə ekspert deyir ki, hər kəs öz icarəyə götürdüyü satış nöqtəsinin ərazisinə və ticarətinin dövriyyəsinə görə vergi verəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru