Dövlətə bağlı bir qurumun belə davranışı cəzasız qalırsa, onda hüquq deyilən anlayış yalnız formal sənədlərdə mövcuddur.
Bu gün, 11:18

Son günlərdə sosial mediada və ictimai dairələrdə böyük narazılığa səbəb olan bir məsələ geniş rezonans doğurub. Paytaxtın küçələrində avtomobillərin parklanmasına nəzarət edən “AzParking” şirkəti ilə bağlı yayılan məlumatlar ciddi hüquqi və mənəvi suallar doğurur. İddialara görə, bu qurumda çalışan əməkdaşlara iş saatları ərzində təbii ehtiyaclarını ödəməyə yalnız gündə bir dəfə icazə verilir. İnsan bədəni üzərində qurulmuş bu cür sərt və alçaldıcı məhdudiyyətin nə ilə əsaslandırıldığı bilinmir. Lakin bu cür davranışın adi bir əmək qaydası deyil, açıq şəkildə insan hüquqlarının kobud pozuntusu olduğu ortadadır.
"Bizimxeber" bildirir ki, məsələ artıq geniş ictimaiyyətin gündəminə çevrilib.
Millət vəkili Fazil Mustafa da məsələyə münasibət bildirərək bu halın insan haqlarının pozulması kimi qiymətləndirilməli olduğunu deyib. Deputatın sözlərinə görə, bu cür yanaşma insanın elementar hüquqlarını və ləyaqətini tapdalamaqla bərabər, cəmiyyətə təhlükəli mesajlar verir - yəni dövlətə bağlı bir qurumun belə davranışı cəzasız qalırsa, onda hüquq deyilən anlayış yalnız formal sənədlərdə mövcuddur.
“AzParking” rəsmi olaraq dövlət nəzdində yaradılmış bir struktur olsa da, onun fəaliyyəti barədə cəmiyyətin nəzarət imkanları sıfıra bərabərdir. Şirkət parkinq sahələrini idarə edir, vətəndaşlardan ödəniş toplayır, qaydaları özü müəyyənləşdirir, amma bu strukturun daxilində insanla necə rəftar edildiyi barədə real, şəffaf informasiya yoxdur. Görünən odur ki, bu qurum yalnız texniki sistemlərin deyil, eyni zamanda idarəçilikdə sərt və qeyri-insani yanaşmanın da simvoluna çevrilməkdədir.
Sosial şəbəkələrdə paylaşılan digər iddialara görə, şirkətdə əməkdaşlar aşağı əməkhaqqı ilə uzun saatlar işləməyə məcbur edilir, onlara qarşı tez-tez psixoloji təzyiqlər tətbiq olunur, şikayət edən işçilər isə ya susdurulur, ya da işdən çıxarılır. Yəni iş mühiti təkcə fiziki deyil, həm də psixoloji baxımdan zəhərlidir. Bütün bunlar insan hüquqlarını müdafiə edən dövlət və qeyri-dövlət qurumlarının susqunluğu fonunda baş verir. Əmək Müfəttişliyi, Ombudsman Aparatı, insan hüquqları ilə məşğul olan QHT-lər bu məsələ ilə bağlı hələ də rəsmi mövqe bildirmir.
Şirkətin rəhbərliyindən isə məsələ ilə bağlı açıqlamaları isə gülməlidir. Yəni iddialar susqunluqla qarşılanır. Halbuki əgər belə bir iddia həqiqətə uyğun deyilsə, bu, ictimaiyyəti çaşdırmaq kimi qiymətləndirilə bilər və cavab verilməlidir. Əgər iddialar doğrudursa, o zaman bu, artıq cəza tədbiri tələb edən məsələdir. Bir insanın tualetə getmək hüququnun belə məhdudlaşdırıldığı mühitdə işçi hüquqlarından danışmaq mənasızdır.
Məsələnin daha dəhşətli tərəfi ondadır ki, bu sistemin arxasında “rəqəmsal islahatlar” adı ilə cəmiyyətə təqdim edilən yeni nəzarət mexanizmləri dayanır. Texnologiya adı altında qurulan bu sistem, insan faktorunu, onun sağlamlığını, hüququnu, ləyaqətini tamamilə gözardı edir. Rəqəmsallaşma, əgər insana zərər verirsə, o, inkişaf yox, geriləmədir. Bir dövlət strukturu insana xidmət etməli olduğu halda, əgər insanın özünü alçaldırsa, burada artıq islahatdan yox, sistemli zülmdən danışmaq olar.
Bu gün Azərbaycan cəmiyyəti üçün əsas sual budur - bu məsuliyyətsizlik, bu özbaşınalıq hara qədər davam edəcək? Dövlət orqanları nə zaman bu qurumun fəaliyyətini araşdıracaq? İşçilərin elementar hüquqlarını tapdalayanlara qarşı hansı tədbirlər görüləcək?