Banklardan qanunsuzluq – Kredit borcunu pensiyaya yönəldirlər –VİDEO
2-12-2016, 01:03
Təqaüdünün yarısını bir bank, qalan yarısını isə digər bank kredit borcuna görə silir.
Strateq.az xezerxeber-ə istinadən bildirir ki, 43 yaşlı Taleh Əmirov 2014-cü ildə banklardan birindən 8 min dollar kredit götürüb. Eyni ildə başqa bir bankdan isə 7 min dollar dəyyərində istehlak krediti alıb. Götürdüyü kreditlərin aylıq ödənişini edə bilmədiyindən banklar borcu onun pensiya kartına yönəldiblər.
Məsələ burasındadır ki, ilk kredit götürdüyü bank bunu məhkəmə qərarı ilə etsə də, ikincisi qətnamə olmadan borcu təqaüdə yönəldib. Ehtiyatda olan zabit 442 manat pensiya alır. Aldığı pensiyanın yüz faizini banklar tutduğundan əlində pul qalmayan Taleh Əmirov bunun dolanışığına mənfi təsir etdiyini deyir.
Bank hüquqşünası Anar Ramazanov borcun məhkəmə qərarı olmadan təqaüdə yönəldilməsinin qanunsuz olduğunu deyir. Qanun isə borcun, əməkhaqqı və təqaüddən yüz faiz həcmində tutulmasını birmənalı şəkildə qadağan edir.
Mütəxəssislərə görə, bu ikinci bankın özbaşınalığı nəticəsində baş verib.
Vətəndaşın müraciəti əsasında məsələ öz həllini tapar.
Mütəxəssislərə görə, vətəndaşın əlavə gəliri olmadığı halda ikinci bank, gözləmə mövqeyi seçməlidir. Birinci banka borc ödənildikdən sonra məhkəmə qərarı ilə təqaüdün 50 faizi ikinciyə yönəldilə bilər.