Beyləqanda vəzifə savaşı - QALMAQAL
3-12-2016, 00:22
Qəzetimizin ötən saylarında Beyləqan Rayon Təhsil Şöbəsinin müdiri Xuraman Rüstəmovanın öz işində yol verdiyi ciddi nöqsanlardan bəhs edən bir neçə tənqidi material dərc etmişik. Çox maraqlıdır ki, bir çox digərlərindən fərqli olaraq, bu xanım məmur barədə dərc etdiyimiz tənqidi yazılar onun üçün düşərli olur. Belə ki, Xuraman Rüstəmovanın hələ Beyləqan şəhər 3 saylı orta məktəbinin direktoru işlədiyi dövrdə, onun davamlı olaraq yol verdiyi özbaşınalıqlar səbəbindən həmin məktəbin bir qrup müəlliməsi redaksiyamıza müraciət etmişdilər. Həmin müraciətdə bildirilirdi ki, direktorun fəaliyyəti sürəkli pul yığımları və digər qanun pozuntuları ilə müşayiət olunmaqdadır. Hətta o vaxt Beyləqan RTŞ-nin müdiri olan Tofiq Sadıqov da bu xüsusda ona ünvanlanan şikayətlərə cavab olaraq bildirmişdi ki, o, Xuraman xanıma “bata bilmir” və yaxşı olar ki, müəllimələr öz şikayətlərini Rayon İcra Hakimiyyətinə təqdim etsinlər. Həmin dövrdə Xuraman Rüstəmovaya himayədarlıq edən şəxs kimi, Beyləqan rayon Məhkəməsinin keçmiş sədri Maşallah Şirvanovun adı çəkilirdi. Məlumdur ki, Xuraman xanımın bir oğlu, Yasin Əliyev həmin məhkəmədə sədrin köməkçisi işləyir. Digər tərəfdən isə, bir çox mənbələri rəyinə görə, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev də Xuraman Rüstəmovanın fəaliyyətindən heç vaxt narazı olmayıb. Elə tənqidi yazıların dərcindən bir müddət sonra Xuraman xanımın Beyləqan RTŞ-yə müdir təyin olunmasında da, deyilənlərə görə, başçının müstəsna rolu olub. Yeni vəzifə isə, Xuraman Rüstəmovanın qarşısında yeni imkanlar açmış oldu. Artıq redaksiyamıza daxil olan məlumatlarda bu məmur xanım rayon miqyasında törətdiyi rüşvətxorluq, mənimsəmə və digər korrupsiya hallarında ittiham olunmağa başladı.
Lakin dediyimiz kimi, barəsində olunan şikayətlər, dərc edilən tənqidi yazılar Xuraman xanımın yalnız karyera yüksəlişini stimullaşdırır. Rayondan aldığımız məlumatlara görə, Beyləqan rayon Məhkəməsinin keçmiş sədri Maşallah Şirvanovun öz vəzifəsindən kənarlaşdırılmasından sonra, RTŞ müdiri təcili olaraq icra başçısı ilə münasibətlərini bir qədər də möhkəmləndirib. Bu gün isə, Xuraman Rüstəmova artıq karyerasının növbəti, daha yüksək pilləsinə adlamağa hazırlaşır. Amma bu “hazırlıq” rayonun müəllimləri üçün də əsil sınağa çevrilib. Bu barədə aldığımız açıqlamada deyilir: “Rayonda söz-söhbət gedir ki, Xuraman Rüstəmova tezliklə RİH başçısının müavini postuna təyinat alacaq. İndiki vəzifəsində keçirdiyi son günlərini isə, təhsil şöbəsinin müdiri intensiv pul yığımları ilə yadda qalan etmək niyyətindədir. Bunun üçün də hazırda rayonun məktəblərində ən müxtəlif səbəb və bəhanələrlə pul yığımları həyata keçirilir. Xüsusilə dərs saatlarının artırılması üçün müəllimlərdən 100 manat tələb olunması böyük narazılıqlara səbəb olub. Deyilənə görə, pula olan hədsiz hərisliyi Xuraman Rüstəmovanı hətta öz yaxın qohumlarından belə pul istəməyə sövq edir. Belə ki, şöbə müdirinin oğlu Elgün Əliyevin baldızı da məktəblərdən birində müəllimə işləyir. Bu yaxınlarda isə, həmin xanımın atası (Xuraman Rüstəmovanın qudası), Ələddin Hüseynov tanışları ilə söhbətində bildirib ki, Xuraman xanım onun qızını məktəb direktoru təyin etmək üçün onlardan külli-miqdarda pul istəyib. Lakin Ələddin Hüseynov bu təklifi rədd edib...”
Yeri gəlmişkən, Beyləqandan aldığımız digər bir məlumatda Xuraman xanımın ailə üzvlərinin hazırda rayon məhkəməsində də müəyyən qalmaqal yaşanmasına səbəb olduqları bildirilir. Məlumatda deyilir: “Hələ bir neçə müddət bundan əvvəl Xuraman Rüstəmovanın oğlu, DTX-nın Beyləqan rayon şöbəsində işləyən Elgün Əliyevin barəsində rayon məhkəməsində iddia qaldırılmışdı. Səbəb isə bu idi ki, Elgün Əliyev içkili vəziyyətdə avtomobili idarə edərkən onu saxlamış DYP əməkdaşına müqavimət göstərmiş, onunla əlbəyaxa olmuşdu. Lakin həmin vaxt Elgünün qardaşı, məhkəmə sədrinin köməkçisi işləyən Yasin Əliyev bu iş üzrə məhkəmə qərarının çıxarılmasını əngəlləmişdi. Bu gün isə, həmin iş üzrə sənədlər artıq Bakıdan tələb olunur. Yasin Əliyev isə, bu sənədlərin paytaxta göndərilməsinə də imkan vermir. Məhz bu səbəbdən də Beyləqan rayon Məhkəməsində hazırda müəyyən gərginlik yaşanmaqdadır”.
Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.