Azərbaycanda ölmək də bahalaşdı – fantastik mərasim xərcləri...

6-12-2016, 14:05           
Azərbaycanda ölmək də bahalaşdı – fantastik mərasim xərcləri...
Paytaxtda ölü xərcləri ortalama 8 min manata başa gəlir; əməkdaşımız bu sahədəki son durumu araşdırıb...

Bir neçə gün öncə isə Nardaranda belə bir hadisə yaşanmışdı: 65 yaşlı kişi gəlin köçürdüyü qızının cehiz pulunu ödəyə bilmədiyi üçün özünü metro qatarının altına atmışdı. Xoşbəxtçilikdən yaşlı kişi relslərin üstünə deyil, ortadakı boşluğa düşdüyündən sağ qalmışdı. Ailəsinin verdiyi açıqlamaya görə, atanı ən çox narahat edən 500 manat mebel pulu olub. Sual da budur ki, 500 və yaxud 5000 manata görə ölməyə dəyərmi?

Son vaxtlar ölkədə intiharların sayı kəskin artmağa başlayıb. Araşdırmalar göstərir ki, bunun əsas səbəblərindən biri iqtisadi amillər, bahalaşmanın doğurduğu gərginlik və psixoloji problemlərdir.

Ancaq bəzən unudulur ki, yaşamaq bahadısa, ölüm indi ondan da bahadır. Məşhur “Mozalan”nın bir süjetində deyildiyi kimi: “Yavaş a kişi, heç bilirsən sən özünü aşağı atandan sonra sənin ailəni nə gözləyir?! Ehh, həngamədir, o qədər xərc çıxacaq ki. Məsciddə yuyulmağın, sidr-kafur, kəfən. İndi heç kəfən üçün ağ tapılmır. Molla pulu, qəbir pulu, onun yan-yörəsini düzəltmək var. Bunların hamısı puldur, pul! Hələ bunun 3-ü, 7-si, cümə axşamları lazım olacaq. Ət, yağ, düyü, çay, qənd lazım olacaq. Prokatdan çadır, stol-stul... Elə bilirsən, ölmək asan məsələdir?”.

Buna el arasında “Ucuz həyatın baha biçilən ölümü” deyirlər. Özünə qəsd edən insan ölümü ilə həm ailəsini peşman etmiş olur, həm də ortada olan problemi birə beş artırmış. Bunun böyük günah olması da öz yerində.

Məsələ ilə bağlı Bakının tanınmış məscidlərindən olan “Təzəpir”də olduq. Məscidin Vəli adlı əməkdaşı bildirdi ki, ölünün yuyulması, kəfən, sidr-kafur, pambıq birlikdə 50 manat edir. Cənazə namazı isə pulsuzdur. Bu barədə məscidin divarında elan da var. Elanda o da qeyd edilib ki, meyitxanada fəaliyyət göstərən meyit saxlama kamerasının 1 günlük qiyməti 20 manatdır. Əgər mərhum günorta saatlarından sonra dünyasını dəyişibsə, şəriətə əsasən, ertəsi gün dəfn edilir. İşçinin dediyinə görə, belə olan halda ölünü evdə saxlamaq günahdır. Mərhumun yaxınları cənazəni məscidə gətirib yudurdur, cənazə bir gecəlik saxlanma kamerasında qalır, səhəri gün isə yaxınlarına təhvil verilir.

Qeyd edək ki, ölünün yaxınlarındam kimsə istəsə cənazəni özü yuya bilər, bu zaman mürdəşir pulundan azad olursan, xərcin də az çıxır. Qafqaz Müsəlmanları İdarəsi ölü sahiblərinə bu barədə sərbəstlik verir. Bundan əlavə, cənazə üçün 2 metr uzunluğunda xalça, yastıq və döşək üzü də tələb olunur ki, onları mərhumun yaxınları gətirməlidir. Beləliklə, cənazə yuyulub kəfənə büküldükdən sonra növbədə onu dəfn etmək işi gəlir. Bu məqamda qeyd edək ki, cənazənin məscidə gətirilib yuyulması, daha sonra qəbiristanlığa aparmaq üçün cənazə maşını mütləq lazım olur. Onun qiyməti isə məsafədən asılı olaraq 80-300 manat arası dəyişir. Halbuki 2-3 il əvvəl bu xidmət üçün qiymət 30-40 manatdan başlayırdı. Bizə Kərbəlayi Natiq kimi təqdim olunan sürücünün sözlərinə görə, hazırda ən yaxın məsafə 80 manatdır. 100 manata isə əsasən şəhərdaxili xidmət üçün tələb olunur. Əgər mərhumun yaxınları onu doğulduğu yurdda, digər şəhər və rayonda dəfn etmək istəyərsə, bunun üçün ən azı 2-3 dəfə pul xərcləməli olur. Cənazə maşını ilə cənazə məscidə gətirilir, yuyulduqdan sonra tabutla bir yerdə götürülüb qəbiristanlığa aparılır, mərhum dəfn olunur. Tabut isə məscid tərəfindən pulsuz verilir, bu, 50 manatlıq xidmətin daxilində gedir.
Müsəlman tabutları, demək olar ki, eynidir, taxtadan və ətrafı adi dəmirdən ibarət olur. Beləliklə, maşının sürücüsü tabutu məscidə geri gətirərək öz işini bitirmiş olur. “İmkanı olmayan şəxslər yaxınlarının cənazəni öz maşınında da apara bilər, amma bu cür hallar, demək olar ki, çox az olur, əsasən cənazə maşınından istifadə edilir”-deyə məscidin işçisi bildirdi.

Mərhumun yaxınları üçün ən böyük problem məzarlıqda qəbir yeri tapmaqdır. Məlum məsələdir ki, artıq uzun müddətdir ki, paytaxt Bakıda qəbir yeri tapmaq müşkül məsələyə dönüb. Mərhumun yaxınları ölünün dərdini qoyub bir-bir məzarlıqları gəzib qəbir dərdinin hayına qalır. Rayon və kəndlərdə qəbir yerləri pulsuz olur. Çünki qanunla bu belədir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı mətbuata açıqlamasında qəbir yerlərinin pulla satılmadığını bildirib: “Qəbir yerlərinin pulla verilməsi məsələsi yoxdur və olmayacaq da. İndi qəbir yerləri pulla verilmir. Müəyyən rüsumlar var, amma bu, cüzidir. Bəzi adamlar deyir ki, qəbir yerləri satılır, bu, düzgün deyil. Qəbir yerləri dövlətin ixtiyarındadır. Kifayət qədər yüksək rəqəmlərlə rastlaşan insanlar müvafiq qurumlara və dini komitəyə müraciət edə bilərlər”.

Ötən illərdə Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidmətindən verilən açıqlamada da bildirilirdi ki, qəbir yerləri satılmır. Ölüsünü dəfn etmək istəyən Azərbaycan vətəndaşıdırsa, onun üçün dövlət rüsumu - 63, xarici vətəndaşlara - 79 manatdır. Amma bu rüsuma materialların qiyməti daxil deyil. Qəbrin material xərcləri (2-3 kisə sement, qum, 30-50 ədəd qalın əhəng daşı) təxminən 80 manata başa gəlir. Yəni hər kəs dövlət rüsumunu ödəyərək ölüsünü dəfn edə bilər. Bəs iri şəhərlərdə, xüsusən də Bakıda reallıq necədir?

Əvvəlcə qeyd edək ki, ümumilikdə paytaxtda 100-ə yaxın qəbiristanlıq var. Onların arasında yer üçün ucuz olanı Hövsan, Biləcəri və digər qəsəbə, kənd qəbirstanlıqlarıdır. Ən bahalı yerlər isə “Qurd qapısı” və Yasamal qəbiristanlıqlarıdır.

Öncə Yasamal qəbiristanlığında qiymətlərlə maraqlandıq. Məzar daşlarının satışı ilə məşğul olan Rauf Axundovla söhbətimizdən məlum oldu ki, bu qəbiristanlıqda yerlər çoxdan satılıb: “Əgər əvvəlcədən yer almısınızsa, məsələ asanlaşır. Yeriniz yoxdursa, çətin nəsə tapa biləsiz, çünki yerlər çoxdan satın alınıb, qəbiristanlıq tamamilə dolub. Amma qəbiristanlığın künc-bucağında bəlkə də yerlər var, bunun üçün müdiriyyətlə danışıb, razılaşa bilərsiniz”.

Bu söhbətdən artıq məsələnin nə yerdə olduğunu anlamaq çətin deyil. Digər işçilər də üstüörtülü başa salmağa çalışdılar ki, əslində yer var, sadəcə, rəhbərliklə sövdələşməq lazımdır. Əgər yoxsul təbəqədənsənsə, ölünü bu qəbiristanlıqda dəfn etməyi heç düşünmə. Çünki yerlər əsasən 3500-4000 manatdan satılır. Digər qəbiristanlıqlarda isə qiymət 1000, kənd və qəsəbə qəbiristanlıqlarında isə 200 manatdan başlayır. Qəbir qazılma prosesinə gəlincə, R.Axundovun sözlərinə görə, hər bir qəbiristanlığın özünün qəbir qazanları olsa da, bunu məzar daşını düzəldənlər də yerinə yetirir. Qiymətlər isə 280-350 manat arası olur: “Məzar daşları sifariş olunur, biz də qəbiri özümüz qazıb, sonra da daşları yerləşdiririk”.
Qəbir daşlarının da qiymətləri ilə maraqlandıq. Bəlli oldu ki, adi daşlar 350-500 manat arası olur. Əgər daşı yerləşdirmək də tələb olunsa, qiymətlər 400-600 arası dəyişir. Mərmər daşlarının qiymətləri 1000 manatdan başlayır. Afrikadan gətirilən mərmərlərin isə qiyməti əl yandırır - 7-8 min manatdır. Ad yazılan və mərhumun fotosu yerləşdirilən mərmər daşlarının qiyməti 2200 manatdır.

Ölü üçün aparılan son proseslər isə mərasimlərdir. Bunun üçün mərhumun qarşısında iki variant olur, ya mərasim zalı, ya da ki, çadır sifariş etmək. “Təzəpir” məscidindən bildirildi ki, hər iki variantda xidmətlər göstərilir. Mərasim zalında təkcə çay süfrəsi üçün adambaşına 6 manat, yemək üçün isə 12 manat tələb olunur, bu şərtlə ki, mərasimə gələnlərin sayı 100 nəfərdən artıq olsun. Yemək sifariş olunarsa, çay pulsuz verilir. Birgünlük adi çadırların qiyməti isə 300 manatdır. Bu işlə məşğul olan Hacı Akifin (özünü belə təqdim etdi) sözlərinə görə, mərasim zalı tutmaq çadırlardan daha sərfəlidir. Çünki çadır sifariş verərkən ofisiant və qabyuyan da tutulmalıdır. Yemək isə 1000, ümumilikdə isə 1500 manatdan çox başa gəlir. “Ən yaxşısı mərasim zalıdır. Bura bütün xidmətlər daxildir. Hətta danışıb adambaşına 11 manatdan da razılaşmaq olar”, - deyə Hacı Akif bildirdi. Mollaya gəldikdə isə, məsciddən təklif olunan molla 30 manata birgünlük mərasimi idarə edir. Məsciddən kənar fəaliyyət göstərən molla ilə söhbətimizdən məlum oldu ki, onlar dəfn və digər mərasimlər üçün 50 manat tələb edir. Dəfn, üç, yeddi, qırx mərasimləri üçün cəmi 200 manat lazım olur. Lakin molla ilə razılaşıb bu qiyməti endirmək mümkündür.

Beləcə, ümumiləşdirib ortaq nəticəyə gəlirik ki, ölmək ən azı 8 min manata başa gəlir. Bir məsələni də qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Nazirlər Kabinetinə təqdim etdiyi “Məzar yerləri və məzarlıqlar haqqında” qərar layihəsində dəfn xərclərinin dəfn üçün müavinətin məbləğindən artıq olmamasını təklif edib. Buraya torpağın ayrılması, qəbrin qazılması, dəfn olunma və abidənin qoyulmasından ibarətdir. Əgər vəfat etmiş şəxsin iş yeri varsa, dəfn pulu dediyimiz vəsait onun iş yerindən verilir. Əgər ölən təqaüdçüdürsə, həmin vəsait Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ödənilir. Dəfn üçün müavinətin məbləği isə yaşa görə əmək pensiyasının baza hissəsinin üç misli məbləğində, yəni 330 manat təşkil edir. Vəfat edən şəxs sosial müavinət alan vətəndaş olarsa, təqdirdə dəfn üçün müavinət 132 manat müəyyən edilib. Təbii ki, bu rəqəmlər reallıqda olan dəfn xərclərinin rəqəmləri ilə heç bir müqayisəyə belə gələ bilməz.

Bu araşdırmamızla da intihar etmək istəyənlərin nəzərinə çatdırmağa çalışdıq ki, ölmək, xüsusən də paytaxt sakini olaraq ölmək həyatda qalmaqdan daha bahalıdır. Odur ki, ailənizi, yaxınlarınızı daha da çətinə salmaq, üzməmək üçün həyatla mübarizə aparıb yaşamağa davam etməyə dəyər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.