Qüdrət Həsənquliyevdən həmkarına irad: “Mən hökumətin hansısa addımını təqdir etmişəmsə, deməli, heç bir tənqid deməməliyəm?”
8-12-2016, 14:25
“Çox istərdim ki, bizim bir çox nazirliklərdəki şəffaflıq əmək və əhalinin müdafiəsi nazirliyindəki kimi təmin olunsun. Ünvanlı sosial yardım, mənzil, avtomobil alanlarla bağlı məlumatlar şəffaf şəkildə cəmiyyətə təqdim olunur”.
Bu fikirlər deputat Qüdrət Həsənquliyevə məxsusdur. Milli Məclisdəki büdcə müzakirələrində çıxış edən deputat ünvanlı sosial yardımları bəzi həmkarlarının təkliflərinə etiraz edib. Deyib ki, bütün sahələrdə olduğu kimi, bu qurumun işində də hansısa nöqsanlar ola bilər. Ancaq bu, yardımların ləğvi üçün əsas ola bilməz: “Rabitə Nazirliyinin işində kifayət qədər nöqsanlar aşkarlandı. Onda gəlin, Rabitə Nazirliyinin də maliyyələşməsini dayandıraq. Bu, absurd olardı. Əgər biz ünvanlı sosial yardımı da dayandırsaq, onsuz da çətin vəziyyətdə yaşayan insanların daha da stress altında yaşamasına çalışırıq”.
Deputat təklif etdi ki, ehtiyac meyarı minimum yaşayış həddinə çatdırılsın: “Rayonlarda borc dəftərləri yaranıb, adamlar çalışır ki, gedib heç olmasa borclarını bağlasınlar. Biz insanlarımız üçün stress, qıcıq yaradacaq təkliflərdən uzaq olmalıyıq”.
Q.Həsənquliyev bir gün öncəki iclasda “vaxtilə hökumətə tərif deyənlər indi tənqid edirlər” deyən həmkarı Siyavuş Novruzovun iradına da ad çəkmədən reaksiya verdi: “Hökuməti tənqid də etmək, işinə tərif də demək olar. Hökumətin hansısa addımları doğru hesab olunursa, o, təqdir olunur. Əksinə, problemlər varsa, təbiin ki, tənqidi yanaşılır. Mən hökumətin hansısa addımını təqdir etmişəmsə, deməli, heç bir tənqid deməməliyəm? Özü də bu fikri səsləndirən bizim dostumuz özü də çıxışında kifayət qədər tənqidi fikirlər söyləyib”. Deputat ardınca əlavə edib: “Mən bilirəm ki, maliyyə çətinliyi var, amma biz ciddi şəkildə düşünməliyik. İş yerini itirən insanlara heç olmasa işsizliyə görə müavinət verək ki, əlavə gərginlik yaranmasın.