Sabiq deputat Beynəlxalq Bankdan 2 milyarda yaxın pulu necə götürüb?

10-12-2016, 18:36           
Sabiq deputat Beynəlxalq Bankdan 2 milyarda yaxın pulu necə götürüb?
Ölkədən qaçan iki “sahibkar” haqda yeni məlumatlar; Dünyamin Xəlilovla Qorxmaz Paşayev fantastik məbləğdə kredit alıb qaytarmırlar

Aktivlərinin böyük hissəsi dövlətə məxsus olan Azərbaycan Beynəlxalq Bankından külli miqdarda kredit götürüb geri qaytarmayan iş adamlarının bir çoxu istintaqa cəlb olunsa da, istintaqdan yayına bilənlər də az deyil.

Belə şəxslər sırasında Beynəlxalq Bank prezidenti olmuş Cahangir Hacıyevə yaxın kadrlar da var. Banka ən çox borcu olanlardan biri, eks-deputat, “Globus Plaza” şirkətinin sahibi Dünyamin Xəlilovdur. O, istintaqdan yayına bilib. Deyilənə görə, D.Xəlilov Beynəlxalq Bankdan 1 milyard 700 milyon manat (!) kredit alıb, həmin krediti geri ödəməyib. Bakıda, Rusiya səfirliyi yaxınlığında elit “Saatlı bina”nın sahibi olan D.Xəlilov mətbuata açıqlamasında ölkədən qaçmadığını, müalicəyə getdiyini deməklə kifayətlənib.

Qeyd edək ki, Dünyamin Xəlilovun Beynəlxalq Banka borcu ilə bağlı qalmaqal 2011-ci ildən başlayıb. Dünyamin Xəlilov 2005-ci ildə Beynəlxalq Bankın səhmdarı olub. 2005-2010-cu illərdə parlamentin deputatı olmuş D.Xəlilov Cahangir Hacıyevin qohumudur və işçisi olub. C.Hacıyevə məxsus “Şəki Bazar” və “Şəki Ət Kombinatı” ASC-ni uzun müddət D.Xəlilov idarə edib. Maraqlıdır ki, Beynəlxalq Bankın bir filialı uzun illər “Globus Plaza”nın üçüncü mərtəbəsində yerləşib. Yalnız bu iş üzrə həbslər başladıqdan sonra bankın fəaliyyəti dayandırılaraq oradan köçürülüb. Eks-deputatın hələ ki nə həbs edildiyi, nə də axtarışda olması barədə rəsmi xəbər yoxdur.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.