Rusiyadan toyuq əti gətirilməsinə qadağa qoyuldu
14-12-2016, 20:39
Rusiyanın Kalmıkiya Respublikasından və Həştərxan vilayətindən diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulub.
Bu barədə virtualaz.org saytına Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəli məlumat verib.
Onun sözlərinə görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının 24 noyabr və 9 dekabr 2016-cı il tarixlərində yaydığı rəsmi məlumatlarda Rusiya Federasiyasının Kalmıkiya Respublikasının Yaşaltinski rayonunda iki məntəqədə və Həştərxan vilayətinin Xarabalinski rayonunda bir məntəqədə ev quşları arasında yüksək patogenli quş qripi (H5) xəstəliyinin yayılması barədə məlumat daxil olub.
Bununla əlaqədar Rusiyanın Kalmıkya Respublikasından, Həştərxan vilayətindən, habelə risk zonasına daxil olan Dağıstan Respublikasından, Volqoqrad, Rostov, Stavropol vilayətlərindən və Çerkessk bölgəsindən diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti olaraq məhdudiyyət qoyulması haqqında əmr imzalanıb.
Rusiyanın Kalmıkiya Respublikasında və Həştərxan vilayətində ev quşları arasında yayılmış yüksək patogenli quş qripi (H5) xəstəliyi ilə bağlı ölkəmizin bu xəstəlikdən qorunması üçün zəruri baytarlıq-sanitariya tədbirlərinin görülməsi barədə Dövlət Baytarlıq Nəzarət Xidmətinin müvafiq bölmələrinə tapşırıqlar verilib.
Əmrdə dövlət baytarlıq nəzarətində olan digər yüklərin idxalı məsələsinə Rusiya Federasiyasının Dövlət Baytarlıq Xidmətinin yükün çıxarıldığı ərazinin epizootik vəziyyəti və məhsulun sağlamlığı haqqında rəsmi arayışı olduğu təqdirdə baxılması qeyd olunub.