Şəhid anasının sözləri ürəkləri dağladı - “Oğlum dedi ki, soyuqdan donuruq...”

15-12-2016, 13:39           
Şəhid anasının sözləri ürəkləri dağladı - “Oğlum dedi ki, soyuqdan donuruq...”
Aprel döyüşlərində həlak olmuş şəhid Əbdülməcid Axundovun anası Ceyran Axundovanın oğul dərdi körüklənmək bilmir. Şəhid anası demək olar ki, sosial şəbəkədə hər gün oğlu ilə bağlı xatirələrini, fotoşəkillərini paylaşır. Bu paylaşımları izləyənlər də ananın qasnaq tutmayan dərdinə şərik olurlar, ona az da olsa təsəlli verməyə çalışırlar. Bu gün Ceyran Axundova oğlu şəhid Əbdülməcidlə bağlı daha bir paylaşım edib. Ananın yazdıqlarını oxuduqca insanın ürəyi yüz yerdən parçalanır. İnsan aciz duruma düşür bu anda. Nə edəsən, nə deyəsən ki, ananın dərdinə məlhəm olasan... Özünün də dediyi kimi, övlad dərdinin məlhəmi olmaz ki...

Moderator.az Ceyran Axundovanın bu gün paylaşdığı həmin xatirəni təqdim edir:

“Hava çox soyuqdu, bulud qədər dolmuşam, keçən ilin noyabr ayı düşdü yadıma. Məcid telefonda dedi ki, əynimiz nazikdi, qış paltarını hələ verməyiblər, soyuqdan donuruq. Bu gün işdən çıxanda yolda qəfildən onun sözlərini xatırladım. Necə olaram bu xatirədən sonra... Ağlaya ağlaya evə gəldim. O cür soyuq havada xidmətdə olduğu günləri xatırladıqca göz yaşlarım selə dönüb. Heç ovuna bilmirəm. Bu gün çox pisəm, çox pis...
Hamı mənə deyir: "Çox ürəyinə salma, çox fikir eləyirsən, qocaltmısan özünü". Sizcə ana necə olmalıdı? Ana övladıyla yaşayır övladı yaşadıqca. Bir itkimiz olanda uzun müddət xatirimizdən çıxmır. Bəs övlad itkisi.. Bunu ancaq övlad itirənlər daha yaxşı başa düşər...”

Biz də öz növbəmizdə Ceyran Axundovanın bala dərdindən qanayan ürəyindən öpürük. “Allah Sizə Məcidinizi unutduran başqa dərd verməsin”- deyirik.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.