Siyavuş Novruzov Tarif Şurasına “sataşdı”:"Üzünüzü bu tərəfə də tutun"
16-12-2016, 16:51
“Bakı şəhərində tikilən yeraltı və yerüstü parklarda siçanlar oynayır. Çünki ora elə qiymət qoyulub ki, heç kim orada maşın saxlamaq istəmir”.
Gununsesi.info xəbər verir ki, Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik məsələsi müzakirə olunub.
Məcəlləyə dəyişiklik haqqında danışan millət vəkili Siyavuş Novruzov diqqəti əsasən Bakı şəhərində tikilən maşın parkalarındakı qiymət artımına və bunun nəticəsində baş verən qanunsuzluqlara çəkib.
Onun sözlərinə görə, Bakı şəhərində yetərincə yeraltı və yerüstü maşınsaxlama yerləri olsa da, küçələrdə qanunsuz avtomibil saxlama halları azalmır, əksinə artır:
“Bununsa səbəbi sadədir. Bu maşınsaxlama yerlərində elə qiymət qoyublar ki, heç kim orada maşın saxlamaq istəmir. Daxil olursan, hər cür şərait olsa da, amma maşın yoxdur. Sıçanlar oynayır. Kim maşın saxlayırsa, saatına 1 manat ödəməlidir. Təsəvvür edin, işləyən adam gündə maşını orada saxlayarsa, ayda bu maaşının ən azı üçdə birini yer pulu verməlidir. Bir nəfər gündə 8 saat işləyirsə, həftədə 40 manat ödəməlidir ki, bu da ayda 200 manata yaxın pul edir. Ona görə də vətəndaş məcbur olub, üzünü çevirir başqa yerə. Vətəndaş 1 manatlıq dayanacaqlara üstünlük verir. Bununla həm qanunu pozur, həm pyaldalırın hərəkətinə mane, həm də tıxacların yaranmasına səbəb olur. Ona görə də təklif edirəm ki, buradakı qiymətlər optimallaşdırılsın ki, hamı maşının orada saxlasın”- deyə, millət vəkili deyib.
S. Novruzov Tarif Şurasına müraciət edərək bildirib ki, Tarif Şurası hər yerə baxır, ancaq nədənsə bu yerlərə diqqət yetirmir:
“Hesab edirəm ki, Tarif Şurası üzünü bir bu tərəfə də tutsun və bu parklanma yerlərindəki qiymətləri tənzimləsin”.
Məsələyə reaksiya verən spiker Oqtay Əsədov da bildirib ki, o, araşdırılmalıdır:
“Bu yerlərdə hər kəs isətdiyi və ağzına gələn qiymətini qoymamalıdır. Ona görə bu məsələlər mənə də aydın deyil. Bu məsələ ilə bağlı bir daha maraqlanmaq lazımdır. Bu sahədə bir qayda yaradılmalıdır”.
Spiker bununla bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinə tapşırıq verərək, məsələni araşdırmağı tapşırıb.