Sabunçu RİH Zabrat gölünün daşmasına görə məsuliyyət daşımır? – ARAŞDIRMA

16-12-2016, 20:45           
Sabunçu RİH Zabrat gölünün daşmasına görə məsuliyyət daşımır? – ARAŞDIRMA
Zabrat gölündə suyun səviyyəsi qalxıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib ki, nəticədə gölün suyu daşaraq Zabrat - Pirşağı avtomobil yolunun üzərindən dəniz istiqamətində axmağa başlayıb. O qeyd edib ki, gölün yaxınlığında yerləşən yaşayış evlərinin zirzəmiləri də su ilə dolub: “Ərazidəki su ötürücüləri tutulub, sular idarə olunmur. Gölün ətrafındakı yaşayış evlərinin də sayı artıb. Atmosfer çöküntüləri, kanalizasiya suları, hamısı gölə axıdılır. Gölün çıxarı yoxdur, buna görə də gölün səviyyəsi qalxır” (APA).
Bu barədə LEGİON-a da danışan Əziz Qaralov qeyd edib ki, dekabrın 14-də ekspedisiya üzvləriylə birlikdə Zabrat gölünə baxış keçirib. “Zabrat-Pirşağı-Məhəmmədi istiqamətində bir neçə göl var, onlardan biri də Kürdəxanı Təcridxanası yaxınlığındakı bu göldür. Yaz aylarında belə bir hadisə baş vermişdi, suyun səviyyəsi qalxmış və asfalt yola gəlib çıxmışdı. Yay aylarında azalma müşahidə olunsa da, son günlərdə yenidən səviyyə qalxması başlayıb və təxminən 50 santimetr artma müşahidə olunub. Əsas səbəb qrunt suları və yağıntılar olsa da, ətrafda çox evlər var, məişət və kanalizasiya suları gölün səviyyəsinin artmasına xeyli təsir göstərir. Yaxınlıqda dəmiryolu xətti var. Xəttin altında tunel qazılıb və əvvəllər artıq sular borular vasitəsilə dənizə gedən kanala ötürülürdü. Hazırda su idarə olunmur. Yəni, gölə su daxil olur, çıxar yoxdur. Aidiyyatı olan qurumlar tədbir görməlidir, çünki bu, birinci dəfə baş vermir”, - deyə Əziz Qaralov bildirib.

Onun sözlərinə görə, sözügedən tunelin qarşısının kim tərəfindən alınmağını müəyyən etmək lazımdır. Ə.Qaralov qeyd edib ki, daşan su evlərin zirzəmilərinə də dolur. Sabunçu RİH-in ərazi üzrə icra nümayəndəsi Şiraslan Həsənov bildirib ki, orda ancaq Kürdəxanı təcridxanasının kanalizasiya xətti var. Gölün kənarında, təcridxana tərəfdə torpaq töküb doldururlar, su gəlir yol tərəfə. “Vaxtilə o gölün suyu boruyla kanala tökülürdü, ordan da dənizə.. Boruların ağzını bağlayıblar, ona görə də gölün suyu artır”, - deyə Ş.Həsənov bildirib.
Onun sözlərinə görə, hazırda evlərin zirzəmilərinə su dolması barədə heç bir məlumat daxil olmayıb. Sabunçu RİH başçısının köməkçisi Müslüm Məmmədovun sözlərinə görə, həmin ərazidə ümumiyyətlə kanalizasiya xətti yoxdur. “Maraqlanın, Bakıda hansı qəsəbələrdə kanalizasiya sistemi var, hansı yoxdur”, - deyə M.Məmmədov bildirdi.
“Yaxşı, kanalizasiya sistemi yoxdursa, olmamalıdır?” – deyə soruşduq. “Qəsəbə icra nümayəndəliyinə müraciət edin”, - deyə başçı köməkçisi bildirdi. “Müraciət etmişik, lakin elə məsələlər var ki, onu ancaq RİH cavablandıra bilər. Rayon İcra Hakimiyyəti qəsəbəyə görə məsuliyyət daşımır?”, - deyə soruşduq. “Sağ olun”,- deyə Müslüm Məmmədov dəstəyi asdı.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.