Hacıbala Abutalıbov bağça məsələsində nazirliyə qalib gəldi
19-12-2016, 13:20
“Məktəbəqədər təhsil haqqında” yeni qanun layihəsindən bağçaların özəlləşdirilməsi ilə bağlı müddəa çıxardılıb.
Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli bununla bağlı Modern.az saytına açıqlama verib.
Deputat bildirib ki, Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və ayrı-ayrı deputatlar öz təkliflərini göndərəndən sonra məktəbəqədər təhsil müəssilərinin özəlləşdirilməsi məsələsi qanun layihəsindən çıxarılıb.
“Bilirsiniz ki, qanun layihəsi I oxunuşda Milli Məclisdə müzakirə edilib. Biz təkliflərdən sonra bunun üzərində işlədik. Biz Elm və təhsil komitəsinin iclasında qanun layihəsinin 2-ci oxunuş üçün olan varinatını müzakirə etdik. Özəlləşdirmə ilə bağlı müddəa yeni varintda öz əksini tapmayıb. Çünki deputatların, ekspertlərin fikirləri, ictimai rəy bundan ibarət oldu ki, özəlləşdirmə məktəb və təhsil sahəsinə fayda verə bilməz. Buna görə də, məsələ qanun layihəsindən çıxarıldı və məsələyə nöqtə qoyuldu”.
Komitə sədri Bakıdakı bağçaların Bakı Şəhər İcra Hakimiyyətindən alınıb Təhsil Nazirliyinə verilməsinin qanun layihəsində öz əksini tapmadığını da vurğulayıb. Onun sözlərinə görə, bu məsələ heç zaman qanun layihəsində öz əksini tapmayacaq.
“Bağçaların hansı icra hakimiyyəti orqanının tabeliyində fəaliyyət göstərməsi məsələsi “Məktəbəqədər təhsil haqqında" qanunun predmeti deyil. Bu məsələ, müvafiq icra hakimiyyəti orqanının fəaliyyəti ilə müəyyən olunur.