Bayram süfrəsi neçəyə başa gələcək? - ARAŞDIRMA
20-12-2016, 19:33
Yeni il bayramı yaxınlaşdıqca bazarlara kənd təsərrüfatı məhsullarının qiymətlərində günbəgün bahalaşma müşahidə olunur.
Biz də AzNews.az olaraq, yolumuzu Bakının “Təzə Bazar” adı ilə tanınan bazarından saldıq.
Bazarın daimi sakinləri ilə söhbətdə aydın oldu ki, əhali arasında ən çox kartof və soğana tələbat var. Yerli kartofun 1kq-ı 80-90 qəpikdir. Bazarda Rusiyadan, İrandan gətirilən kartof və soğan məhsullarına az rast rast gəlmək olur. Satıcılar bunun səbəbini daha çox yerli məhsullara olan təlabatla izah etdilər.
Təcrübə göstərir ki, ət və toyuq məhsullarına əsas təlabatın 30-31 dekabrda yaranacaq. Satıcıların sözlərinə görə, həmin günü qiymətlərdə bahalaşmanı müşahidə etməmək qeyri-mümkündür.
Hazırda isə bazarda mal əti 7-8, qoyun əti isə 9-10 manat arasında satılır. Satıcılar isə alverin az olmasından şikayətlənir:
“Əvvəlki illərlə müqayisədə demək olar alıcılarmızın 70% itirmişik. Bunun bir necə səbəbləri var. Onlardan ən başlıcası bazarın ətrafında yaşayan əhalinin şəhərdən köçürülməsidir. Bütün “Sovetski”, “Basin“ küçəsinin sakinləri bizim daimi müştərilərimiz idilər. İndi onlar yoxdur. İkinci səbəb supermarketlərdə və ayrı-ayrı küçələrdə ət mağazalarının açılmasıdır. İnsanlar, əsasən, diri heyvan satılan yerlərdən ət alır. Onlarda ət bahadır. 1 kq-nı 9.50 manata.”
Toyuq məhsullarından biri hind quşu isə dişi və erkəyi ilə fəqlənir. 20 ildən yuxarıdır ki, bazarda toyuq və toyuq məhsulları satışı ilə məşğul olan satıcı da alverin az olmasından gileyləndi:
“Baxın, gün ərzində bir ya iki hind quşunu güclə satıram. Hind quşu cürbəcürdür, və bu onun qiymətlərinə təsir edir. Dişi hind quşunun 1 kq-ı 10, erkək hind quşunun isə 1 kq-ı 12 manata satılır. 3-4 aylıq cücələr 4-5 manata, bir illik toyuqlar isə 6-7 manata satışdadır. Toyuq yumurtaları isə 30-40 qəpiyədir. Qiymətlər bizdən asılı olmadan dəyişir.”
Bazarda çöl quşlarının da alıcıları var. Devalvasiyadan sonra quşların qiyməti də artıb. Qaşqaldaq quşunun ətinin kiloqramı 6-7 manata satılır.
Balıq məhsullarının satıldığı piştaxtalara isə yaxın durmaq mümkün deyil. Bazarda ən çox şikayətlənən isə balıq alverçiləridir: “Balıqların qiyməti fərqlidir, 4 manatdan 50 manata kimi. Hər cür balıq var. İlan balığının isə biri 1 manatadır. Nərə balığının 1 kq-ı 50 manatadır. Onun da alıcıları azdır. Gün ərzində ancaq birini sata bilirik. Əvvəl isə günə 4-5 ədədini satırdıq.
Bu yerdə qeyd etmək istəyirəm ki, nərə balıqlarının şəklini çəkməyimə mane oldular. Hərə bir tərəfdən üstümə hücum çəkir, kənardan “olmaz-olmaz” – deyə qışqırdılar. “Ovlanması qadağan olunmuş balıq sizə hardan gətirilir?” Sualına isə cavab belə oldu: “Onun da yolu var. Bunu isə ancaq biz bilirik.”
Bazarda ən diqqət çəkən məkanlardan biri də meyvə piştaxtalarıdır. Bura meyvələr müxtəlif rayonlardan gətirilir. Məhz bu səbəbdən də qiymətlərində fərqlilik hiss olunur. Göyçay narı adı ilə deyilir. Elə qiyməti də adına görə təyin edilir. 1 kq - 15 manat. Satıcılar onun öz alıcıları olduğunu deyirlər. Yerdə qalan nar növlərinin qiymətləri isə 2-6 manat arasında dəyişir. Hətta dənələnmiş narın 1 kq-ı 4 manatdır. Alma 0.70 -6 manat, heyva 2-7 manat, naringi 1.50 - 2 manat, üzüm 4-5 manat, armud 5-7 manat, kinkan 4 manat, kivi 3 manatadır.
Satıcılar deyir ki, bu bazarın kasıb piştaxtaları fəaliyyət göstərir. Orada hər şeyi ucuz qiymətə tapmaq olar. Yolumuzu ordan da saldıq. Bazarda piştaxtaların üstündə yeganə qiymət məhz bu mağazada idi. Satıcı qadın deyir ki, bu məhsullar başqalarından keyfiyyətinə və görnüşünə görə fərqlənir.
Bayram xonçalarını quru meyvələrsiz təsəvvür etmək çətindir. Satıcılar isə bayramqabağı alverin zəif getdiyini deyir:
“Qoz ləpəsinin 1 kq-ı 15-18 manat, fındıq ləpəsi 12-15 manat, kişmiş 10-15 manat, şabalıd 7-10 manat, ərik qurusu 9-10 manat, turşular isə 5-10 manata satılır. Elə müştəri var ki, 100 qram alır. Neyləsin, imkanı olsa yəqin çox alar. Hər kəs istəyir ki, süfrəsində bu meyvələrdən olsun. Ən az təlabat badam və püstəyədir”.
“Təzə bazar” yarandığı gündən çörək məhsullarının satışına görə seçilib. Hələ Sovet dövründə bu məkanda bir-birindən fərqli və həm də dadlı çörək məhsulları satılıb. İndi bazarda bu məhsullar qeybə çəkilib. Yalnız bir yerdə çörək satılır, vəssalam: “Axır vaxtlar yoxdur. Yəqin qiymətinə görədir. Məsələn, bu çörək 1 manatadır.”
Bazarın daimi sakinlərindən olan şoraba alverçiləri də “daş atıb-baş tutdular”: “Alver yoxdur, əvvəl hamı şoraba üçün bu bazara gələrdi. İndi çox adam evində şoraba qoyur. Bizim şorabanın dadı isə ələ düşməz, yedikcə iştah gətirər. Şorabaların qiyməti də adına görədir. 2-3 manat arasında dəyişir. Əvvəl bir çəlləyi 2-3 günə satardıqsa, indi bu rəqəm bir aya kimi uzanıb.”