Gömrüklə statistika komitəsi çayla bağlı müəmma yaradıb - Rəqəmlər
22-12-2016, 10:20
üşahidəçilərin fikrincə, Azərbaycan gömrüyün qismən şəffaflaşması bir çox problemləri yoluna qoysa da, suallar da doğurub.
Məsələn, əsasən, idxal hesabına təmin olunan çay istehlakı nə qədərdir? Son rəsmi məlumatların təhlili bu haqda birmənalı fikir bildirməyə imkan vermir.
Dövlət Gömrük Komitəsinin (DGK-nın) 11 aylıq statistik hesabatına görə, ölkəyə 11 min 117,4 ton çay idxal olunub. Bunun 1041 tonu yerli çaypaketləmə müəssisələrində qablaşdırılandan sonra təkrar ixrac edilib.
Yerli istehsala gəlincə, bu il plantasiyalardan min tondan çox – ötən ildəkindən, azı, 2 dəfə artıq çay yığılıb. Bu, təxminən 250 ton quru çay deməkdir. Son iki ildə ölkədə, ən azı, iki yeni çay emalı fabriki («Astara Çay» və «Gilan Tea») yaransa da, bazara əvvəlkitək «Sun Tea» və «Beta Tea» şirkətləri nəzarət edirlər. İdxalda da əsas söz sahibi bu şirkətlərdir.
Beləliklə, 11 aylıq çay balansı təxminən 10 min 325 tondur. Ötən il bu dövrdə çay istehlakı, idxal və ixrac nəzərə alınmaqla, bundan təxminən 4 dəfə az – 2 min 500 ton olub. Halbuki Dövlət Statistika Komitəsinin (DSK-nın) tərtib etdiyi ərzaq balansına görə, ölkədə bir ildə, orta hesabla, 15,8 min ton çay içilir. İstehlak və çay balansı arasında fərq yetərincə düşündürücüdür: bu il bu göstərici 4 min 500 ton ola bilər. Başqa sözlə, ölkəyə rəsmi yolla gətirilən çayın həcmi azalsa da, azərbaycanlıların əvvəlkindən az çay içdiyini deməyə əsas yoxdur.
Rəqəmlərdəki bu fərqi rəsmi qurumlar da sezir və hesabatlara düzəliş etməkdən çəkinmirlər. Məsələn, DSK ötən il çay idxalına dair DGK-nın məlumatını (7 min 460,7 ton) ərzaq balansında dəyişərək, 13 min 541 tona yüksəldib. Builki idxal həcminin keçənilki göstəriciyə nisbətdə kəskin artımını (81,2 faiz) da leqallaşma ilə izah etmək mümkündür. Çay idxalı ilə məşğul olan şirkətlərə vergidən yayınmaq üçün «pəncərələr» bağlanıb.
İdxalçılarla gömrükçülərin münasibətlərinin rəsmi çərçivəyə salınmasına dəlalət edən amillərdən biri də çayın idxal qiymətlərindəki kəskin artımdır. Dünya çay bazarında birja qiymətləri dalğalansa da, Azərbaycan gömrüyündəki «fırtına» qədər deyil: Bu ilin 11 ayında Azərbaycan gömrüyündə bir ton çay 3 min 491 dollar 82 sentə - ötən ildəkindən 59 faiz baha rəsmiləşdirilib.
Düzdür, Azərbaycanda pərakəndə ticarətdə çayın qiyməti də artıb. Amma bu, əsasən, manatın devalvasiyasından qaynaqlanıb.
Azərbaycan çay emalçılarının xarici bazarlarda işi heç də yaxşı gətirmir. Bu il çay ixracı 3 dəfədən çox azalaraq, 1041 tona düşüb. Xaricə satışlardan gələn gəlir (5,6 milyon dollar) 11,5 milyon dollar azalıb. İxracatçılar problemin nədən qaynaqlandığını şərh etmirlər.