«ƏGƏR BENZİNİN QİYMƏTİ QALXSA…» – Ekspertdən açıqlama
13-01-2017, 09:20
“Aİ 95 markalı benzinin qiymətini Tarif Şurası müəyyən etmir”
“Benzinin qiymətinin qalxacağı haqqında şaiyələr gəzir, hətta gecələr yatmayan Tarif Şurasının məsələyə münasibəti də yayılıb ki, belə bir məsələ yoxdur”.
“AzPolitika.info” xəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Natiq Cəfərli sosial şəbəkədə açıqlamasında irəli sürüb. O bildirib ki, Premium markalı (Aİ 95) benzinin qiymətini Tarif Şurası müəyyən etmir, bu səbəbdən də bahalaşma mümkündür: “Güya, bu da “üzən” rejimdə olmalı, qiymət rəqabətli mühitdə müəyyən olunmalı idi. Sadəcə bu ölkədə əsl rəqabət tək bir yerdə – toyda oynamaqda olur deyə, qiymət heç dəyişmədi, Premiumu tək bir şirkət gətirdi və satdı, indi dollar bahalaşır-bahalaşacaq, Aİ 95 xaricdən valyuta ilə alınır, ona görə də, bu növ benzinin qiyməti qalxması təəccüblü olmayacaq. Sadəcə, bu addım olsa, bu Aİ 92 üçün də (hansı ki, qiyməti dövlət tərəfindən müəyyən olunur) qiymət artımına zəmin yaradacaq. Benzin də qalxsa, kommunal xidmətlərin və dolların da bahalaşdığını nəzərə alsaq, ərzaqdan tutmuş, dərmana qədər hər şeyin qiymətinin daha da artması qaçınılmaz olacaq”.